19.11.2025, 12:20
AZ EN
19.11.2025, 09:45 146

Bu gün şəhid Ruslan Əlizadənin doğum günüdür

XƏBƏRLƏR
  • Atası deyir ki, Ruslan uşaqlıqdan qorxu nədi bilməzdi. O, hərbi xidmətini başa vurduqdan sonra bir müddət başqa işlərlə məşğul olsa da hərbçi olmağa can atırdı. Nəhayət Ruslan müddətdən artıq hərbi qulluqçu kimi öz istəyinə nail olub. Vətən müharibəsində Ruslanla bərabər onun qardaşı da iştirak edirdi. Amma torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalmaq Ruslanın qisməti olub. Atası bunları həyəcanla, göz yaşları ilə söyləyir. Deyir ki, ailəsi Ruslandan narazı olmayıb.

Anası da, qardaşı da onunla bağlı göz yaşıyla danışırlar. Ruslanın arzusu öz evinin olması, ailəsi ilə xoşbəxt yaşamaq idi. Əmisinin övladı olmurdu, Ruslan arzuladığı evində əmisiylə birgə yaşamaq istəyirdi. Anası hələ sağlığında hərbi geyimli oğluna baxır və onunla qürur duyardı. Özünün dediyi kimi, balası onun üçün həmişə ən uca zirvə olub. Ruslan heç vaxt valideynlərini incitməmişdi. Yəqin ona görə indi anası onun ayrılığına belə çətinliklə dözür. Deyir ki, axırıncı görüşlərində müharibəyə gedirdi, amma onlara heç nə demədi, bir az fikirli idi, nə atasını, nə də əmisini görə bilmədi, tez çıxıb getdi, amma demədi ki, gedəcəm, qayıtmayacam…

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Ruslan Arif oğlu Əlizadənin doğum günüdür. O, 19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Orta təhsilini Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində alıb. Sonra hərbi xidmətə yollanaraq Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərkibində Vətənə xidmət edib. Hərbi xidmətdən sonra bir müddət kənddə valideynlərinin yanında olub. Daha sonra öz arzusu ilə yenidən müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətə başlayıb.
Ruslan Əlizadə 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Ruslan Əlizadə 7 oktyabr 2020-ci ildə Füzulinin azad olunması uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz 8 oktyabr 2020-ci ildə doğulduğu kənddə böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ruslan Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunub.

Torpaqlarımız uğrunda canını fəda edən qəhrəman şəhidimiz  Əlizadə Ruslan Arif oğlunun keçdiyi həyat və döyüş yolu ilə bağlı sənədli film çəkilib. Filmdə şəhidin həyat yolu haqqında valideyinləri, qohumları, dostları danışıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər