"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Baş prokuror Anna Vardapetyan həmin cinayət işi üzrə təqsirləndirilən şəxslər arasında keçmiş prezident Robert Koçaryanın, keçmiş ərazi idarəetmə Armen Gevorqyanın, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəhbəri Seyran Ohanyanın keçmiş köməkçisi Yuri Xaçaturovun adını açıqlayıb. Üstəlik, həm bu işə görə məhkəmə nəzarəti altında olan müttəhimlərin, həm də təqsirləndirilən digər şəxslərin, o cümlədən Köçəryanın əmlakına həbs qoyulması üçün də vəsatət qaldırılıb.
Keçmiş baş prokurorla bağlı məsələyə gəlincə, erməni mətbuatı yazır ki, Paşinyan hakimiyyəti həm Gevorq Kostanyanın, həm də 2008-ci il martın 1-də baş vermiş hadisələri araşdıran istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutyunyanın ekstradisiyasını tələb etmək niyyətindədir. Hər iki sabiq məmur vəzifə səlahiyyətlərindən sui-istifadə, sübutları saxtalaşdırmaq və "1 Mart işi" üzrə istintaqı təhrif etməkdə ittiham olunur. Hazırda hər iki şəxs Rusiyada gizlənməklə məsuliyyətdən yayınmağa çalışır.
Xatırladaq ki, 2008-ci ilin 19 fevralında Ermənistanda prezident seçkiləri keçirilib. Seçkilərdə Köçəryanın namizədi Sərkisyan qalib elan olunub. Müxalifət nəticələri saxtalaşdırılmış hesab edərək, İrəvanda kütləvi etiraz aksiyalarına başlayıb. Martın 1-də polis və ordu nümayişçilərə qarşı güc tətbiq edib. Toqquşmalar nəticəsində 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Robert Köçəryan, müxtəlif vaxtlarda müdafiə naziri olmuş Mikael Arutyunyan və Seyran Ohanyan, Müdafiə Nazirliyinin korpus komandiri Yuri Xaçaturova qarşı cinayət işi açılıb.
Elxan SALAHOV