19.11.2025, 11:13
AZ EN
19.11.2025, 09:20 17

Türkiyə Ermənistanla sərhədləri o halda açacaq ki...

XƏBƏRLƏR
  • Türkiyə-Ermənistan münasibətləri o halda normallaşa bilər ki, İrəvan Bakı və Ankaraya qarşı ərazi iddialarını birdəfəlik geri götürsün və Azərbaycanla sülh sazişini imzalasın.

"Vətən səsi" xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan belə deyib. O, Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində 2026-cı il büdcə müzakirələri zamanı deputatların suallarını cavablandırarkən bildirib ki, Ankara Ermənistanla münasibətlərin normallaşması prosesinə hazırdır: "Türkiyə bu mövzuda mövqeyini dəfələrlə bəyan edib. Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalandığı halda biz Ermənistanla normallaşmaya hazırıq".

Hakan Fidan vurğulayıb ki, Ermənistanın bölgədə sülhə maraqlı olmasının əsas səbəblərindən biri Ankara ilə münasibətlərin normallaşmasına dair Türkiyədən siyasi iradə görməsidir: "Türkiyənin siyasi iradəsi ortadadır, bunu Ermənistan rəhbərliyi də görür. Hazırda ölkələrimiz arasında uzun illərdir bağlı qalan sərhədlərin açılması və iqtisadi canlanma İrəvan üçün prioritetlər arasındadır".

Türkiyəli nazir eyni yanaşmanın Azərbaycan-Ermənistan münasibətlərinə də şamil edildiyini söyləyib. Hakan Fidanın sözlərinə görə, rəsmi Ankara Cənubi Qafqaz regionunda dondurulmuş münaqişə ocaqlarının olmasını istəmir: "Əgər Ermənistan Türkiyə ilə münasibətləri lazımi səviyyədə normallaşdırsa, bu, İrəvanın Bakı ilə sülh razılaşmasını imzalaması üçün ən vacib motivasiya olacaq. Ona görə də Ermənistan hökuməti və erməni xalqı bu fürsətdən yararlanmalı, irəliyə doğru mühüm addımlar atmalıdır. Danışıqların məntiqi sonluğu kimi Azərbaycan yekun sülh sazişi imzalandıqdan sonra Türkiyə Ermənistanla sərhədi açmağa hazırdır".

Elxan SALAHOV

Oxşar xəbərlər