19.11.2025, 12:47
AZ EN
19.11.2025, 11:31 119

Elçin Mirzəbəyli: “Paşinyan kilsənin siyasətə təsir imkanlarını məhdudlaşdırmaq istəyir

YAZILAR
  • Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsi ehtimalı siyasi dairələrdə müzakirə olunmaqda davam edir. Milli Məclisin deputatı Elçin Mirzəbəylinin fikrincə, bu addım Ermənistanın baş naziri Nikol Paşinyanın əvvəlcədən planlaşdırdığı və müxtəlif beynəlxalq institutların dəstəyi ilə həyata keçirdiyi bir strategiyanın tərkib hissəsi ola bilər.

Deputat bildirib ki, Paşinyanın Ermənistan Apostol Kilsəsinə qarşı tutduğu mövqe yeni deyil və bu istiqamətdə fəaliyyətləri onun hakimiyyətə gəldiyi ilk vaxtlardan - 2018-ci ildən başlayıb. Belə ki, həmin dövrdən etibarən konstitusiyadan kilsə ilə bağlı müddəaların çıxarılması təşəbbüsü irəli sürülüb ki, bu da Ermənistan cəmiyyətində kilsənin nüfuzunu zəiflətmək məqsədi daşıyır.

Elçin Mirzəbəyli hesab edir ki, Paşinyan Ermənistan cəmiyyətində illərlə formalaşan miflərin dağıdılması üçün ilk növbədə ideoloji mərkəz kimi çıxış edən kilsəni zəiflətməyə çalışır:

“Erməni kilsəsi tarix boyu müəyyən dövlətlərin maraqlarına xidmət edən, terror təşkilatlarının yaradılmasında, soyqırımı aktlarının təşkili və bölgədə cinayətlərin törədilməsində ideoloji baza funksiyasını yerinə yetirib. Paşinyan bu təsisatın ölkə siyasətinə təsir imkanlarını məhdudlaşdırmaq istəyir."

Millət vəkili qeyd edib ki, Paşinyan bir tərəfdən kilsənin mövcud rəhbərliyi və onun xarici dayaqları ilə mübarizə aparır, digər tərəfdən isə özünü dini ayinlərə hörmətlə yanaşan siyasətçi kimi təqdim etməyə çalışır. Bu məqsədlə dini ayinlərdə iştirak edir, din xadimləri ilə görüşlər keçirir və kilsədə daha sağlam düşüncəyə malik şəxslərin önə çıxmasına şərait yaradır.

Elçin Mirzəbəyli hesab edir ki, bu Paşinyanın kilsəni zor tətbiq etmədən -“məxməri yolla” nəzarət altına almaq planının bir hissəsidir. Onun fikrincə, bütün bu proseslər Paşinyanın siyasi mövqeyini möhkəmləndirmək və Ermənistanda daxili güc mərkəzlərini neytrallaşdırmaq üçün düşünülmüş strategiyaya əsaslanır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər