Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov açıqlama verib. Deputat bildirib ki, Mərkəzi Asiya hazırda dünyanın ən sürətlə inkişaf edən regionlarından biridir: "2024-cü ildə Mərkəzi Asiya ölkələrinin birgə nominal ümumi daxili məhsulu (ÜDM) 500 milyard dollardan çox olub. Azərbaycanla birlikdə isə bu göstərici 575 milyard dollara çatır. İl sonuna qədər bu rəqəmin 700 milyard dollara yaxınlaşacağı proqnozlaşdırılır".
Vüqar Bayramov qeyd edib ki, Mərkəzi Asiya 6,2 faiz illik iqtisadi artım tempi ilə dünya üzrə orta göstəricini 2 dəfə üstələyir. Son 8 ildə bu region ölkələri arasında ticarət dövriyyəsi 5 dəfəyə yaxın artaraq 2,5 milyard dollardan 12 milyard dollara yüksəlib. Ümumilikdə, son 25 ildə ticarət dövriyyəsində 6 qat artım müşahidə olunub.
Deputat vurğulayıb ki, iqtisadi üstünlüklərlə yanaşı, regionun geosiyasi çəkisi də artmaqdadır: "Orta Dəhlizin genişlənməsi və yaşıl enerji sahəsində əməkdaşlıq potensialı Azərbaycan və Mərkəzi Asiya ölkələrinin beynəlxalq müstəvidə rolunu daha da möhkəmləndirir. Böyük təbii ehtiyatlara sahib olan bu regionun qlobal və regional iqtisadiyyata gələcəkdə də mühüm töhfələr verəcəyi gözlənilir".
Tahirə AĞAMİRZƏ