"Vətən səsi" xəbər verir ki, politoloq Elxan Şahinoğlu son günlər Ermənistan ictimayyətinin əsas müzakirə mövsus olan Köçəryan-Paşinyan qarşıdurmasının pərdəarxası məqamlarını şərh edərkən belə deyib. Onun sözlərinə görə, keçmiş prezident Robert Köçəryanın hazırkı Baş nazirə qarşı başlatdığı kampaniya Paşinyanın ona qarşı sərt tənqidləri ilə bağlıdır: “Bu yaxınlarda Paşinyan parlamentdəki çıxışında Köçəryanı və onun siyasətini sərt tənqid etmişdi. O, keçmiş prezidenti erməni xalqını aldatmaqda ittiham etmişdi, özünə və tərəfdarlarına “əsəblərimlə oynayamın, sizi tapdalayaram” kimi mesaj göndərmişdi. Bu sözlər Köçəryana bərk toxunduğuna görə, o, əvvəlcə deputat oğlu Levonu qabağa verib, ürəyi soyumayıb, özü də baş nazirin əleyhinə açıqlamalar səsləndirib. Robert Köçəryan da öz növbəsində Paşinyanın xarici siyasətini bəyənmir, o, deyir ki, Ermənistan xarici siyasətdə Avropaya deyil, Rusiyaya sığınmalıdır".
Elxan Şahinoğlu hesab edir ki, əslində Köçəryanın "Ermənistan Avropaya deyil, Rusiyaya sığınmalıdır" sözləri Paşinyandan çox Kremlə ünvanlanıb. Politoloqun fikrincə, keçmiş prezident həmin açıqlaması ilə Kremlə mesaj verir ki, “sizin Ermənistandakı adamınız əvvəlkitək mənəm, dəstəyiniz artırın, Paşinyanı yıxım”.
Bununla belə, Rusiyanın Paşinyanı hakimiyyətdən devirməyə çalışan Köçəryana ciddi dəstək verəcəyi hazırkı şəraitdə ağlabatan deyil. Xüsusilə Paşinyanın 9 mayda Moskvada Putinlə birgə hərbi paradda iştirakından sonra Moskva-İrəvan arasında münasibətlərin yenidən istiləşməsi imkanları bir az da genişlənib. Elxan Şahinoğlu da Moskvanın Köçəryana açıq dəstək verəcəyinə şübhə ilə yanaşır. Onun fikrincə, Kreml Köçəryana o halda üstünlük verəcək ki, o, siyasi gücünü və reytinqini artıra bilsin: “Çünki Kreml Ermənistanda güclü fiqura, seçkidə Paşinyanı məğlub edə biləcək siyasətçiyə üstünlük vermək istəyir. Putin Köçəryanla dostluğundan imtina etməsə də, keçmiş prezidentin Paşinyanı üstələyəcək fiqur saymır. Ona görə də, Kreml hələ ki, Paşinyanla yola davam edəcək. Paşinyan da bunu anladığından Kremli narahat edəcək açıqlama və addımlardan uzaqlaşmağa başlayıb”.
Elxan SALAHOV