09.04.2026, 14:24
AZ EN
09.04.2026, 12:17 89

Cəbrayıldakı Sənaye Parkı bölgənin inkişafına böyük töhfə verir

XƏBƏRLƏR
  • “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı işğaldan azad edilmiş ərazilərdə iqtisadi potensialı geniş olan və məşğulluq imkanlarına malik iki analoji müəssisədən biridir. Prezident İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılan Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan ərazi kimi müəyyənləşdirilib. Sənaye parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabət qabiliyyətli sənaye istehsalının təşkil edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Yeni qurulan müəssisənin idarə olunması İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinə həvalə edilib.

Hazırda Cəbrayıl rayonu ərazisində fəaliyyət göstərən bu sənaye zonasında 19 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident statusu alıb. İndiyədək parkda 43,8 milyon manatdan çox investisiya yatırılıb və 100-ə yaxın iş yeri yaradılıb. 2023-cü il mayın 4-də Prezident İlham  Əliyev sözügedən Sənaye Parkında görülən işlərlə, o cümlədən “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olub, “Holcim Azərbaycan” ASC, “Az-Tex-Import” MMC və “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin müəssisələrinin təməllərini qoyub. Növbəti ilin oktyabrında isə dövlət başçısı birinci xanım Mehriban Əliyeva ilə birlikdə burada yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.

Cəbrayıl rayonunun Soltanlı kəndi yaxınlığında 200 hektar sahədə layihələndirilən Sənaye Parkında kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalar, logistika və ticarət mərkəzi, anbar kompleksləri, TIR parkı, gömrük və yanacaqdoldurma məntəqələri, eləcə də müxtəlif istehsal və xidmət müəssisələri üçün geniş imkanlar yaradılıb. Sənaye parkında rezident statusu alan iri müəssisələrdən biri məşhur sement istehsalçısı “Holcim Azərbaycan”dır. Hazırda burada Açıq Tipli Səhmdar Cəmiyyətinin (ASC)  sement terminalı fəaliyyət göstərir. Bu, həm də ASC-nin Qarabağın yenidən qurulmasında mühüm rol oynadığına işarədir. 2021-ci ildən “Holcim Azərbaycan”ın sement məhsulları işğaldan azad olunmuş ərazilərdə avtomobil yolları, tunellər, hava limanları və digər iritutumlu infrastrukturların tikintisində istifadə olunub. Həmin ərazilərdə fərdi və çoxmərtəbəli yaşayış zonalarının, inzibati binaların, məktəb və xəstəxanaların tikintisində də “Holcim Azərbaycan”ın məhsulları inşaatçıların köməyinə çatır.

Yeri gəlmişkən, Qaradağ sement zavodu Qarabağ və Şərqi Zəngəzurdan ən azı 300 kilometr məsafədə yerləşdiyindən həmin bölgədə “Holcim Azərbaycan”ın terminalın yaradılması zərurətə çevrilib. Bu terminal müştərilərə daha sürətli və asan xidmət etməyə imkan verir. Zavodun dəmir yolu şəbəkəsinə qoşulması yüklərin daşınmasını da asanlaşdırır. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 5 hektar ərazidə sement terminalı inşa etmiş “Holcim Azərbaycan” burada beton istehsalına da başlayıb. Şirkət gələcəkdə daha çox tikinti materialı istehsal etməyi planlaşdırır. Bu isə işğaldan azad edilmiş ərazlərdə sahibkarlığın inkişafına, sənaye potensialının balanslı şəkildə formalaşdırılmasına, iqtisadi aktivliyin, o cümlədən məşğulluğun genişlənməsinə xidmət edir.

Röya SALMANQIZI

Oxşar xəbərlər