“Vətən səsi” xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisində deyib. O, qeyd edib ki, indiyədək Qarabağda biznes fəaliyyəti üçün KOBİA-ya 1400-dən artıq müraciət daxil olub və bunların 500-ə qədərı xarici şirkətlərin müraciətlərdir: “Vətən Müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə və Qarabağ bölgəsinin işğaldan azad edilməsi də ölkəmizdə bizneslərin inkişaf üçün əlavə mənbələr açıb. KOBİA tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir”.
Xarici şirkətlərin Qarabağda biznes fəaliyyəti göstərmək istəməsini işğaldan azad edilmiş ərazilərin gələcək inkişafı baxımından mühüm faktor kimi dəyərləndirən Orxan Məmmədov artıq bu istiqamətdə müəyyən razılaşmaların olduğunu deyib: “Xarici şirkətlərdən daxil olan 500-ə yaxın müraciət biznesin müxtəlif istiqamətləri üzrə fəaliyyətləri əhatə edir. Sadalanan bu rəqəmlər yerli sərmayəçilərlə yanaşı xarici sahibkarların da Qarabağda biznes fəaliyyətinə olan marağının göstəricisidir”.
KOBİA sədri ümid edir ki, İşaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək şirkətlər həm dövlət büdcəsində gəlirlərin artmasına təkan verəcək, həm də özlərinin biznes maraqlarını təmin edə biləcəklər: “Əlbəttə ki, dövlətin tətbiq etdiyi fiskal və sosial güzəştlər fonunda sahibkarların bu sahədə fəallığı bölgənin qısa müddət ərzində bərpasına və inkişafına öz töhfəsini verəcək”.
Elxan Salahov