09.04.2026, 14:24
AZ EN
09.04.2026, 10:34 88

Moskvadan İrəvana sərt cavab

XƏBƏRLƏR
  • Rusiyanın Ermənistana satdığı qazın qiymətini artıracağı halda İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və  Avrasiya İqtisadi İttifaqından çıxacağı barədə bəyanatı Moskvada ciddi narahatlıq doğurub. Kreml Ermənistan kimi strateji tərəfdaşın Rusiya hökuməti qarşısında bu cür şərtlərin qoymasın arzuolunmaz hesab edir. Bildirilir ki, Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətinin artırılması siyasi manipulyasiyalara yol açmamalıdır.

"Vətən səsi" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə Ermənistan parlamentinin sədri Alen Simonyanın həmin məsələ ilə bağlı açıqlamasına sərt münasibət bildirib. O, Alen Simonyanın “Rusiya qazın qiymətini qaldırsa, Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqından çıxacaq” bəyanatının iki ölkə arasında münasibətlərə xələl gətirdiyini söyləyib.

Ermənistan parlamentinin sədrini “emosional siyasətçi” adlandıran Zaxarova onun fikirlərinin ciddi qəbul edilmədiyini də əlavə edib. “Bu cür birmənalı olmayan və ziddiyyətli bəyanatları şərh etməyə ehtiyac duymuram. Üstəlik, KTMT haqqında biz nələr eşitmədik ki! Ermənistanda deyirdilər ki, Ermənistan KTMT-dən yox, KTMT Ermənistandan çıxır. Bilmirəm, bu proses başa çatıb, yoxsa hələ qızğın dövrüdür? Ona görə də, bu məsələyə qayıtmağın mənası yoxdur. Niyə görə bu emosional bəyanatlara qiymət verməliyik?!”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, rəsmi İrəvanın bu cür bəyanatlarına ilk növbədə Ermənistan vətəndaşları özləri qiymət verməlidir. Zaxarova deyib ki, rəsmi Moskva emosiyalara deyil, real addımlara əsaslanan siyasət yürüdür.

Xatırladaq ki, son zamanlar Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərində gərginlik artmaqda davam edir. Rəsmi İrəvan tez-tez bu qurumlardan çıxmaqla bağlı müxtəlif səviyyələrdə xəbərdarlıqlar səsləndirir. Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Moskvada Rusiya prezidenti Vladimir Putinin görüş zamanı bu məsələlər müzakirə olunarkən Kreml rəhbəri İrəvana satılan təbii qazın qiymətini artırıla biləcəyini də söyləmişdi: "Avropada qazın hər 1000 kubmetrinin qiyməti 600 dolları keçib, amma biz Ermənistana qazı 177 dollara satırıq, bu, çox böyük fərqdir".

Ermənistan hökuməti isə qat-qat ucuz qiymətə aldığı qazın qiymətinin artırılması təşəbbüslərini bunu Rusiyanın bu ölkəyə siyasi təzyiqi kimi qiymətləndirir. İddia olunur ki, Putin hakimiyyəti Ermənistan Avropa İttifaqına üzvlükdən çəkindirmək məqədilə təbii qazın qiymətini artırmaqla İrəvanı fikrindən daşındırmağa çalışır.

Elxan SALAHOV

Oxşar xəbərlər