22.11.2024, 19:03
AZ EN
19.01.2022, 15:00 401

Sanki yatmış vulkan idik...

XƏBƏRLƏR

Hərbçi olmağı kiçik yaşlarımdan arzulayırdım. Çünki əliyalın, dinc sakinlərin, qocaların, uşaqların başına ermənilərin gətirdiyi faciələr barədə orta məktəbdə müəllimlərimizdən tez-tez eşidərdik. Ən dəhşətlisi isə Xocalı faciəsi idi. Soyqırımı haqqında oxuduqca qanım donurdu, özümü hadisələrin canlı şahidi kimi hiss edirdim. Bir yandan da öz yurd-yuvasından didərgin düşənlərin çəkdiyi məşəqqətləri görə-görə böyümüşdüm. Torpaq həsrəti ilə dünyadan köçən həmyerlilərimiz var idi. Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın həyatı ilə də maraqlanırdım. Peşəkar hərbçi olmaq üçün hansı çətinlik lazım idisə, hazır idim. İstəyimə nail olmağı bacardım, hərbçi peşəsinə yiyələndim və Vətən müharibəsində iştirak etdim.

Bunu Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsinin çavuşu, Vətən müharibəsi qazisi Rəşad İsmayılzadə bizimlə söhbət edərkən dedi. O, 1997-ci il oktyabrın 29-da Bakı şəhərində anadan olub. 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidməti Qazax rayonunda keçirib. Aprel döyüşləri hərbi xidmət dövrünə təsadüf edib. Həmin döyüşlərin iştirakçısı olub. Hərbi xidmətini bitirəndən sonra da orduda qalmağı qərara alıb. 2018-ci ildən Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmətə başlayıb. Müharibədən əvvəl Quru Qoşunlarında xidmət etmək üçün müraciət edib və komando hərbi hissələrindən birinə təyinat alıb. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd rayonları istiqamətində gedən hərbi əməliyyatlarda xüsusi şücaət nümayiş etdirib. Oktyabrın 27-də Xocavənd rayonunda Qırmızı bazar istiqamətində gedən qızğın döyüş zamanı yaralanıb. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Vətən müharibəsi qazisi sözlərinə belə davam edir: “Orta məktəbdə oxuyarkən düşmənlərin törətdiyi qətliamları dərk edirdim. Yaşım az olsa da, oxuduqlarım beynimə həkk olunmuşdu və içimdə nifrət yaranmışdı. Məndən böyüyəndə kim olacağımı soruşanda əsgər olacağımı deyirdim. Hərbi xidmətdə olarkən Aprel döyüşləri başladı. O zaman postların müdafiəsində idim. Ümumiyyətlə hərbi xidmət dövründə general-mayor Polad Həşimovun qərar­gah rəisi olduğu korpusda idim. Deyirlər səngər generalıdır. Həqiqətən də, elə idi. Ötən il Tovuz döyüşlərində Polad Həşimovun şəhid olmasına çox təəssüflənmişdim. Bu, artıq son idi. Qisas vaxtı çatmışdı, bunu təkcə hərbçilər deyil, sadə vətəndaşlar da hiss edirdilər. Həmin vaxt gənclərin ön cəbhəyə yollanma istəyi məni qürurlandırmışdı. Vətənin dar günündə müdafiəsinə əli silah tutan hər kəs qoşulurdu.

Müddətli həqiqi hərbi xidməti bitirəndən sonra yenidən hərbiyə qayıtdım. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsi olan dəniz piyadalarının mənsubu kimi xidməti davam etdirirdim. Müharibə başlamamışdan əvvəl təlimlər gedirdi, o zaman könüllü olaraq Quru Qoşunlarında xidmət üçün müraciət etdim və komando hərbi hissələrindən birinə düşdüm. Sentyabrın 25-də komandoya kəşfiyyatçı-operator kimi təyinat aldım. İki gün sonra isə müharibə başladı. Vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşdüm. Döyüşlər zamanı yorulmaq bilmədiyimi hiss edirdim. İçimdəki nifrət və addım-addım qazanılan qələbələr mənə əlavə güc verirdi. Digər döyüş yoldaşlarım da qorxmadan irəli gedir, dincəlmədən döyüşürdülər. Oktyabrın 27-də Xocavənddə Qırmızı bazar istiqamətində pusquya düşdük, pulemyot atəşindən yaralandım. Yaralansam da, verilən tapşırığı sonacan icra etdiyimizə sevinirəm. Hazırda komando briqadasından ehtiyata buraxılmışam.

İkinci Qarabağ müharibəsində gözlərim qarşısında şəhid olanlar da oldu, ağır yaralananlar da. Nə qədər çətin və sarsıdıcı anlar olsa da, heç nə bizi irəliləmək fikrindən daşındırmadı. Müharibənin qanunları vardı: ya şəhadət, ya da qazilik. Döyüşə yollanan hər kəs də qayıtmama ehtimalının yüksək olduğunu bilirdi. Amma bu, bizim namus davamız, haqq savaşımız idi. Alnımızdakı ləkəni qanımız hesabına təmizləməli idik və bunu bacardıq. Biz xalq olaraq ayağa qalxmışdıq. Sanki yatmış vulkan idik, anidən püskürmüşdük. Daxilimizdəki nifrətin, intiqamın püskürməsi o qədər güclü idi ki, qarşımıza keçən hər şeyi məhv edirdik. Odur ki, 44 gün ərzində dünyaya səs salacaq və düşmənlərə bir ömür dərs olacaq səviyyədə savaşdıq. Son nəticədə isə Zəfər qazandıq. Belə tarixin bir parçası olmaq qürurvericidir. Şəhid yoldaşlarımızın əziz xatirəsi, onların şücaəti isə ölkəmizdə indən belə yetişəcək neçə nəslin dilində səslənəcək. Unutmayacaq, unutdurmayacağıq!”.

Göyçək Mahmudlu

AZƏRTAC-ın müxbiri

Oxşar xəbərlər