08.09.2024, 05:30
AZ EN
23.09.2023, 09:02 185

Vüqar Bayramov: "Ermənistanın öz rəsmi statistikası 200 mindən çox Azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını təsdiq edir"

XƏBƏRLƏR

"Son 1 ayda Qarabağ məsələsini 2 dəfə BMT-nin Təhlükəsizlik Şurasının iclasına çıxaran qüvvələr bu bölgəmizdə guya etnik təmizləməyə cəhdlərin olduğunu hər vəclə iddia etməyə çalışırlar. Reallıq təbii ki, başqadır. Amma bu fərqli reallığı elə Ermənistan rəsmi statistikası özü təsdiq edir". Bunu Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov özünün "Facebook" şəxsi hesabında yazıb. Millət vəkili qeyd edib ki, Ermənistan Stastika İdarəsinin məlumatına əsasən, bu ölkədə yaşayan Azərbaycanlıların sayı 1979-cu il siyahıya alınmasında 160 min 841 nəfər olsa da 2011- ci il siyahıya almasında 1 nəfər Azərbaycanlı belə qeydiyyata düşməyib.

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Qarabağda yaşayan Azərbaycanlıların sayına diqqət yetirək:"Keçmiş SSRİ-də 1989-cu ildə həyata keçirilən siyahıya alınmaya əsasən bu bölgəmizdə yaşayan Azərbaycanlıların sayı 40 min 688 nəfər olub. 2011-ci il siyahıya almasında 1 nəfər Azərbaycanlı belə qeydiyyata düşməyib.

Ermənistan özünün elan etdiyi rəsmi statistikaya istinad etsək 1989-cu ildən sonra Ermənistan və Azərbaycanın Qarabağ bölgəsində etnik təmizləməyə məruz qalan Azərbaycanlıların sayı 201 min 529 nəfər olub. Doğrudur, reallıqda daha çox Azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Amma hətta Ermənistanın öz rəsmi statistikası 200 mindən çox Azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını təsdiq edir.

Real mənzərə budur. Əlavə şərhə ehtiyac varmı",-deyə deputat vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər