22.11.2024, 00:29
AZ EN
28.09.2023, 12:35 209

Bu gün professor Mir Cəlal Paşayevin anım günüdür

XƏBƏRLƏR
  • Bu gün görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin anım günüdür. Yazıçı 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya gəlib. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda atası vəfat edib və o, böyük qardaşının himayəsində böyüyüb.

O, 1918–1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəllimliyinə daxil olub. Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib.

Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan SSR Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirməklə yanaşı, həm də müəllimlik edib.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini yazıb.

Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) sevimli müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”.

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal, az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanınıb. Səməd Vurğun, Süleyman Rəhimov, Süleyman Rüstəm, Mehdi Hüseyn kimi görkəmli söz ustadları ilə bir dövrdə yaşayan Mir Cəlal öz yazı üslubu ilə həmkarlarından fərqlənərək Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib. XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətləri bilavasitə onun adı ilə bağlıdır. Mir Cəlal Paşayev ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan biri olub. Əlli illik yaradıcılıq fəaliyyətində o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub.

Onun “Bir gəncin manifesti” əsəri çapdan çıxanda heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930–cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, ”İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” və digər hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları işıq üzü görüb.

Yazıçının ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Akademik Məmməd Arif bu əsər haqqında yazıb: “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.

İlk dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” isə yazıçının həyatında böyük bir dönüş yaradıb, ədəbi zirvəyə aparan yoluna cığır açıb və müəllifə böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də çap edilib. “Bir gəncin manifesti” bu gün də könüllərə yanğı salır, qəlbləri riqqətə gətirir. Doqquz dəfə müxtəlif illərdə ayrıca kitab halında nəşr olunmuş bu əsər Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilir.

Mir Cəlalın “Dirilən adam”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, “Yaşıdlarım”, “Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınıb. Yazıçının “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində isə real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunub.

70-dən çox kitabı işıq üzü görən Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayev 1978-ci il sentyabrın 28-də 70 yaşında vəfat edib. Onun işıqlı xatirəsi həmişə xalqın yaddaşında yaşayacaq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər