18.09.2024, 17:27
AZ EN
17.03.2024, 12:04 264

Zəngəzurun həsrətini çəkən qəhrəman...

XƏBƏRLƏR
  • Bu gün şəhid, mayor Abbas Qasımovun doğum günüdür.

Abbas Rza oğlu Qasımov 1986-cı il martın 17-də Zəngibasar (Masis) rayonunun Rəhimabad kəndində anadan olmuşdur. 1988-ci ilin noyabr ayında ailəsi ilə birgə ermənilər tərəfindən doğma yurdundan deportasiya ediləndən sonra Bakının Binəqədi rayonunda məskunlaşıblar. 6 yaşında ikən atasını itirsə də, balaca Abbas çətin günlərə sinə gərərək, yaşıdlarından geri qalmayıb.

1993-2003-cü illərdə Binəqədi rayonunda F. İsgəndərov adına 157 nömrəli tam orta məкtəbdə oxuyub. 2003-2007-ci illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb.

Abbas Qasımov Zəngəzur torpaqlarında anadan olsa da, 1988-ci ildə ailəsi oradan deportasiya edilib. Doğulduğu torpağı görə bilməmək isə həmişə Abbası düşündürüb. Yaşa dolduqca Zəngəzurun həsrətini daha çox çəkib.  Öz vətənlərini tərk etmək məcburiyyətində qalan ailə əvvəlcə Qarabağa köçürülüblər, işğaldan sonra isə Bakının Binəqədi rayinuna köçüblər O, bir çox sahədə vətəninin dərdini çəkən oğul idi. Zəngəzur dərdi. Zəngəzurun nə demək olduğunu ən yaxşı o bilirdi. Şəhidumiz belə bir fikir də səsləndirib: “Bunu heç vaxt unutma, əgər bir millət silah gücünə bir yerdən didərgin salınıbsa, demək ora onun əsl torpağıdır. Bil ki, o millətin əlindən alınan torpaqla bağlı böyük planları var. Pilot kimi Zəngəzurun səmalarında uçmaq idi  planlarından biri...

Şəhidin anası Kifayət Qasımova deyir ki, sanki uşaqlıqdan Abbasın taleyinə Qarabağ yazılmışdı. Atası onu hələ kiçik yaşlarından qucağında Azadlıq meydanındakı mitinqlərə aparırdı. Əmiləri və atası ilə gecə yarısına kimi orada olurdu. Həmişə qışqırırdı ki, "Qarabağ bizimdir".

Abbas atasını çox erkən, 6 yaşı olanda itirib. Həmişə onun həsrəti ilə yaşayıb. MTN-nin (İndiki DTX-red) Akademiyasında oxuyanda ona daha çox ehtiyac hiss edib. Deyirdi, atam olsaydı, hər həftə yanıma gələrdi. İstər məktəbdə, istərsə də akademiyada təhsil alanda heç vaxt məni incitməyib. Oğlum akademiyanın sərhəd qoşunları fakültəsini seçmişdi. Qusar rayonunda 6 il zastava rəisi işlədi. Daha sonra Milli Aviasiya Akademiyasında bir illik kurs keçdi. Qüsursuz xidmətinə görə iki dəfə medalla təltif edilib. Həmişə məsuliyyətlə xidmət göstərirdi ki, ondan şikayət olunmasın...

Kifayət Qasımova deyir ki, çox vaxt evdə olmurdu, təlimlərə gedirdi. Sonuncu dəfə evə sentyabrın 25-i axşam gəldi. Uşaqlarını qucaqlayb öpdü, bizimlə görüşdü. Səhərisi günü tezdən yoldaşı onu yola saldı. Mən də pəncərədən Abbasa baxıb dua edirdim. Müharibəyə getdiyini bilmirdim. Daha doğrusu, müharibə olacağına inanmırdım. Bilsəydim, oğlumun başına fırlanardım. Ona dəyən zərbə mənə dəyəydi...

Şəhidin həyat yoldaşı Siddiqə xanım Abbasın uşaqlarına çox bağlı olduğunu deyir və əlavə edir ki, istəyirdi ki. oğlanları savadlı olsun. Hətta onlara saymağı da birinci dəfə ataları öyrətmişdi. Deyirdi, hansı peşəni seçmələrindən asılı olmayaraq, qoy öz işlərinin peşəkarı olsunlar. Oğlumuz Rzanı ilk dərs günü məktəbə özü aparmaq istəyirdi. Ancaq işi ilə əlaqədar icazə alıb gələ bilmədi. Ona oğlumun məktəbli formasında şəkillərini çəkib göndərdim. Çox sevindi, dedi, evə qayıdan kimi özü onu dərsə aparacaq...

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayor Abbas Qasımov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı baş leytenant Xalid Gözəlov ilə birgə şəhidliyin zirvəsinə ucalıb.

II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Abbas Qasımov ölümündən sonra  "Vətən uğrunda", 3-cü dərəcəli "Vətənə xidmətə görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər