22.11.2024, 18:29
AZ EN
16.06.2023, 08:26 326

Doğma evlərinə qayıdan keçmiş məcburi köçkünlər şəhərdəki evlərini şəhid ailələrinə verilməsini istəyirlər

XƏBƏRLƏR

Məlum olduğu kimi, Laçın rayonuna köçün ikinci mərhələsində 22 ailədən olan daha 72 nəfər doğma torpağına qayıtdı. 31 il məcburi köçkün həyatı yaşamağa məcbur olan laçınlıların öz evlərinə qayıdışı qarışıq hisslər, həyacan və sevinc hissləri göz yaşları ilə müşaiyət olundu. Onları üç onillik acılı-şirinli xatirələr və 450 kilometrlik məsafə ayırırdı. Lakin Laçınlılar bu kilometrləri yalnız xatirələrində qət edə bilirdilər. İndi isə ata yurdlarına, öz doğma evlərindədirlər və bu qayıdış daimidir. “Real” TV-nin hazırlasdığı video-çəkilişlərdən onların sevincinin şahidi oluruq.  Elbrus Təhməzov yenicə tam təmirli mənzilinə köçməyinin sevinci içindədir. O həyacan dolu hisslərindən əlavə ürəyindəki arzusu barədə də danışır və bildirir ki, evimiz dövlət tərəfindən əsaslı təmir olunub, biz qoyub getdiyimizdən də daha yüksək səviyyəli təmir-bərpa işləri aparılıb, bizə təhvil veriblər. Dövlətimizdən çox razıyıq ki, yenidən bizə belə şərait yardıb. Hökumətimiz bu 30 il ərzində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaratdı. Yeni qəsəbələr salındı, hündür mərtəbəli binalar inşa olundu və məcburi köçkünləri orda yerləşdirdilər.  Biz o vaxt da bilirdik, indi də bilirik ki, məskunlaşdığımış ərazidəki evlər bizimki deyil, biz müvəqqəti məskunlaşdığımız evləri öz doğma yurdumuza qayıdanda təhvil verməliyik. Elbrus müəllim deyir ki, mən onun tərəfdarıyam ki, hər kəsə öz doğma yerlərində lazımi şərait yaradılsın və hamı da həvəslə qayıtsın öz doğma torpaqlarında yenidən həyatını davam eləsin və əlavə edir ki, bu sevinci bizə bəxş edən şəhid ailələri var, müharibə əlilləri var, iştirakçıları var, imtiyazlı şəxslərdirlər. Biz yaşadığımız o ərazilərdəki evlərdən çıxarkən həmin o evlərin şəhid ailəsinə, əlillərə verilməsinin tərəfdarıyam.

Arıçılıqla məşğul olan Yusif Xəlilov ailəsi Laçından çıxanda o 22 yaşlı subay gənc olub. İndi o Laçına öz ailəsi ilə qayıdıb. Xəlilov bu sevinc hissinin sözlə ifadə etməyin mümkün olmadığını bildiri və  deyir ki, mən ilk dəfə Laçına gələndə maşından düşdüm, dizlərimi yerə qoyub torpağı öpdüm. Bu gün fəxr edirəm ki, bu gözəllikdə olan Laçındayam. Mən Prezidentimizə minnətdaram. Sevincimin həddi-hüdudu yoxdur. Biz məcburən burdan çıxmalı olduğumuz vaxt mənim 22 yaşım vardı. Hal-hazırda mənim övladlarım burdadır, ailəmlə gəlmişəm. Şükür ki, bu günləri Laçın xalqı, camaatı bu gözəl mənzərəli, təmiz havası, suyu olan Laçına yenidən qayıdıb. Mən xahiş edərdim ki, biz bura köçəndən sonra bizim yaşadığımız evləri şəhid ailələrinə versinlər. Kəndimizdən 7 şəhidimiz olub, o cür şəhidlərin ailələrinə versinlər, mən bunu istəyirəm.

Məcburi köçkün adını, yükünü öz üzərindən birdəfəlik atan laçınlılar tezliklə bu hissi evinə qayıtmaq istəyən hər kəsin yaşamasını arzulayırlar. Elə ona görədir ki, hər biri bu prosesdə pay sahibi olmaqda israrlıdır. Onlar müvəqqəti yerləşdikləri evləri şəhid ailəsinə, daha ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünə verməsinin tərəfdarıdırlar. İndi, bu, ata yurdlarındakı evlərinə qayıdanların arzusuna çevrilib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər