16.04.2025, 12:34
AZ EN
12.01.2023, 11:04 357

Ana, mənimlə fəxr edəcəksən!

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsinin qəhrəmanlarından biri Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Əmrah Firavan oğlu Həmidovun doğum günüdür.

O, 1997-ci il yanvarın 12-də də Salyan rayonunun Kürsəngi kəndində anadan olub. Ailədə üç bacı və iki qardaş olublar. O, körpə vaxtı elə 1 yaşında atasını itirib. 2003-cü ildə Salyan rayon Q.Mayılov adına Kürsəngi kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2014-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurub. 2015-ci il aprelin 23-də Salyan rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb. Hərbi xidmətini uğurla başa vuran Əmrah hərbçi olmaq qərarına gəlib və müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət etməyə başlayıb. 2017-ci ilin dekabr ayından 2018-ci ilin aprel ayına qədər Xüsusi Təyinatlı Qüvvələrdə  təlim keçib. Kursu bitirdikdən sonra kiçik gizir rütbəsində N saylı hərbi hissədə rabitəçi vəzifəsində xidmət edib. 2019-cu ilin yanvar ayından Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi Vətənə xidmət etməyə başlayıb.

Gizir Əmrah Həmidov 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərə mərdliklə qatılıb.  Döyüş yolu Murovdağ istiqamətindən başlayan Ə.Həmidov müharibənin ilk günü – sentyabrın 27-də Murovdağ istiqamətində ağır yaralanaraq  Gəncədə xəstəxanaya gətirilib. O, bir həftə komada qalıb. Oktyabr ayının 5-də isə şəhadətə ucalıb. Şəhidimizin nəşi doğulub, boya-başa çatdığı Salyan rayonunun Kürsəngi kəndinə gətirilib və böyük izdihamla torpağa tapşırılıb. 

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Hərbi xidmətlərə görə", "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizin anası Pakizə Həmidova oğluyla bağlı çox qürurla danışır. Deyir ki, Əmrah evin balacası olsa da,  ağıllı, təmkinli idi. Mənə ürək-dirək verirdi, deyirdi ki, biz çətin günləri arxada qoyacağıq, darıxma...

“Mən heç də sınmıram, əyilmirəm. Vətən uğrunda şəhid vermişəm. O biri oğlum da Vətən üçün həmişə hazırdı. Hamı övladını kənara çəksə bəs Yurdu kim qoruyar? İndi məni hamı tanıyır. Əmrahın anası deyir. Qəhrəman anasiyam mən. Oğlum Azərbaycanın oğludu, bütün şəhidlər mənimdi, hamısı mənim oğlumdu, övladımdı... Qarabağı balam mənə tanıdıb, Laçını, Şuşanı... Oğlum Murovdağda şəhid olub. Uca dağların başında qartal kimi qanad çalıb balam... Mən Azərbaycanın qəhrəman oğlunun anasıyam. Düzdür 23 yaşında oğul itirmişəm, il yarım idi evlənmişdi, bəylik kostyumu təzə qalıb. Amma yenə də, onunla fəxr edirəm. Əmrah Murovdağda yaralandı. O, Gəncədə qospitalda bir həftə komada qaldı. Balamı görməyə gedəndə düşmən Gəncəni də atəşə tutmuşdu. Oğlumla görüşə bilmədim. Qayıdanda gördüm ki, həyətimiz adamla doludu. Mən hiss edirdim, balam yaralanandan elə bilirdim ki, o şəhiddi”.

Anası Əmrahı min bir əziyyətlə böyütsə də, oğlunun Vətən uğrunda şəhid olmasını  qürurla qarşılayır. Doğru deyiblər ki, qəhrəman ananın igid oğulları olar...

Cənnətdəki doğum günün mübarək, Əmrah balamız! İndi səninlə təkcə doğmaların yox, bütün Azərbaycan qürur duyur!

Mina RƏŞİD

Oxşar xəbərlər