Qardaşı Tariel Əhmədov deyir ki, Mikayılla aramızda 7 yaş fərq olmasına baxmayaraq yeri gələndə elə bilirdin o məndən 10 yaş böyükdü. Mikayıl böyüyün-kiçiyin yerini bilən idi...
Bacısı Günay Əhmədova isə qardaşından belə tez ayrılığın həsrətini onun cənnətdə olması ilə ovuda bilirdi. Yoxsa deyir ki, bu dərdlə barışmaq çox çətindi…
Mikayılın atası indi onun şəkllərinə baxa bilmir. Hətta küçədə də balasının şəklinə rast gələndə sözlə ifadəyə sığmayacaq hallara düşür. Şəhid atası deyir ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Televiziyada şəhidlərlə bağlı çəkilənlərə baxıram, görürəm ki, onların taleyi bir-birinə oxşayır. Bu oğulların hamısı elə Vətən uğrunda şəhid olmağa can atıblar…
Mikayıl şəhid olduqdan sonra doğmaları onun telefonunda bir səs yazısına rast gəliblər. Burada Mikayıl vəsiyyət edir və bildirir ki, o şəhid olsa arxasınca çox ağlamasınlar…
Bu gün yoxluğu ilə hələ də barışmayan, onun yolunu gözləyən doğmalarının gözünü yolda qoyan, gənc ömrünü Vətənə, gələcək nəsillərə və torpaqlarımızın azadlığına bağışlayan qəhrəman şəhidimiz Mikayıl Hümbət oğlu Əhmədovun doğum günüdür. O, 1993-cü il iyulun 24-də Qəbələ rayonunun Savalan kəndində anadan olub. Mikayıl orta məktəbi doğma kənddə bitirib və hərbi xidmətini şərəflə başa vurub.
2020-ci il sentyabrın 27-də Şanlı Vətən Müharibəsi başlayanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Mikayıl Əhmədov da döyüşlərə cəlb edilib.
O, Füzuli, Qubadlı, Zngilan, Xocavənd və Şuşa uğrunda gedən qanlı döyüşlərdə mərdliklə vuruşub. 2020-ci il noyabrın 2-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Ordumuzun igid əsgəri Əhmədov Mikayıl ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD