Mirrəhim Mirmehdi oğlu İsmayılov 1996-cı il sentyabrın 2-də Ağdam rayonunun Çəmənli kəndində anadan olub. Üç uşaqlı ailənin sonbeşiyi olan Mirrəhim orta təhsilini 2002-2013-cü illərdə şəhid Ziyəddin İsgəndərov adına Çəmənli kənd tam orta məktəbində alıb. Müddətli hərbi xidmətini 2014-2015-ci illərdə sərhəd qoşunlarında keçib. Vətən müharibəsində isə müddətdən artıq hərbi xidmət qulluqçusu kimi iştirak edib.
Şəhidin atası Mirmehdi İsmayılov oğlu haqqında danışanda qəhərlənsə də, qürurludur. O deyir: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun. Rəhim haqqında çox söz danışmaq olar. Övladım olduğu üçün deyil, yaxşı insan olduğu üçün... 12-13 yaşlarından zəhməti sevib, zəhmətkeş olub, ailəni onun qazancı ilə dolandırmışıq, uşaq vaxtından son ana qədər böyük köməyi olub bizə. Elə bir iş olmayıb ki, onu bacarmasın. Həm də gözəl səsi vardı, bəzən toylarda oxuyurdu, bəzən videoçəkilişlər edib pul qazanırdı. Elə hərbi xidmət dövründə də yaxşı əsgər kimi xidmət yoldaşlarının, komandirinin yadında qalıb. Sentyabrın 25-də evə gəlmişdi. Söhbət əsnasında anası soruşdu ki, Rəhim, olacaq yeriniz haradır?
Bir az fikrə getdi, sonra dedi ki, ana, bayrağımız harda dalğalanarsa, mən ordayam! Bayrağı da özüm sancacağam torpağımıza. Hətta zarafatyana əlavə də etdi ki, orda məndən uzun adam yoxdu... Amma qələbə bayrağını sancmaq qisməti olmadı. Şükür, qəhrəman oğullarımız oğlumun arzusunu yerinə yetirdilər. İndi azad olunan torpaqlarımızda dalğalanır bayrağımız... Mirrəhimin də ruhu şaddır”.
Şəhidin anası Təzəgül İsmayılova deyir: “Mirrəhim subay idi. Oğul itkisinə dözmək çətindir. Lakin onunla fəxr edir, qürur duyuram. Başımızı uca etdi, şərəfli bir yol seçdi. İndi o təkcə bizim deyil, bütün Azərbaycanın övladıdır. Amma onsuz dayana bilmirəm, özümə heç cür yer tapa bilmirəm...”
Bacısı Mələk isə kiçik qardaşı haqqında belə deyir: “O, mənim həm də dostum, sirdaşım idi. Həmişə mənə baş çəkirdi. Hələ də onun yolunu gözləyirəm, bəzən qapı döyüləndə diksinirəm, elə bilirəm Mirrəhimdi gələn. Ondan yoxmuş kimi danışmaq çox çətindir. Elə bilirəm hansı bir günsə qapıdan içəri girib şən, sevgi dolu səsiylə deyəcək ki, tort bişirmisən, gəlim çay içim?.. Mirrəhim sözə, cümləyə sığışdırılacaq qardaş deyildi”.
Hələ uşaq ikən Vətənə, ailəyə, elə, obaya, torpağa bağlılığı ilə seçilən Mirrəhim gözəl səsiylə bu bağlılığını hər zaman ifadə etməyə çalışırmış. Onun üçün cənnət məhz yaşadığı, böyüyüb boya-başa çatdığı torpaqlar idi. Mirrəhim öz zəhmətkeşliyi və gözəl xasiyyəti ilə həmyaşıdlarına örnək idi. Tovuz hadisəsi zamanı səfərbərliklə bağlı elanı görər-görməz könüllü hərbiyə yazılıb. Onun bu qərarı ilə razılaşmayan anasına həmişə belə deyirmiş: “Ana, hərbiyə mənim kimi oğullar lazımdı, yaxşı, biz getməyək, bizim yerimizə kim getsin, bu Vətəni, bu torpağı kim qorusun?!”
Vətən müharibəsi başladığı andan cəbhəyə yollanan Mirrəhim Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. 2020-ci il oktyabrın 2-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində yerləşən Kəhrilər xarabalığı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Uzun müddət tapılmayan nəşi 2020-ci il noyabrın 27-də tapılaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Mirrəhim İsmayılov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin.
Tahirə AĞAMİRZƏ