Bu gün torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidimiz Məmmədhəsənov Qasim Bilal oğlunun doğum günüdür. O, 18 dekabr 2001-ci ildə Rusiya Federasiyası, Moskva şəhərində anadan olub. 2003- cü ildə onun ailəsi Sabirabad rayonunun Qaraqaşlı kəndinə qayıdıb. 2007- ci ildə Qaraqaşlı kənd orta məktəbində 1-ci sinifə gedib. 2018- ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib, elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinə daxil olub. 2022- ci ildə universiteti başa vurub.
2022-ci ilin iyulun 6-sı hərbi xidmətə yollanıb. Əvvəlcə Gəncə şəhəri N saylı hərbi hissədə, daha sonra isə Şuşa şəhəri N saylı hərbi hissədə Vətənə xidmət edib. Xidməti zamanı bir neçə dəfə Laçın istiqamətində gedən lokal döyüş əməliyyatlarında iştirak edib. Vətənə xidməti ərzində döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif olunub.
Qasim Məmmədhəsənov 2023-cü il 19-20 sentyabrda baş vermiş antiterror əməliyyatlarında Xocalının Muxtarkənd, Daşkənd kəndlərinin və Xankəndi şəhərinin "Xaç Postu" deyilən yüksəkliyi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. İgid Vətən oğlu Xocalıda qəhrəmancasına şəhadətə ucalıb.
Məmmədhəsənov Qasim Bilal oğlu 21 sentyabr 2023-cü ildə yaşadığı Qaraqaşlı kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Şəhidimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğma kəndində abidə kompleksi inşa edilib.
Məmmədhəsənov Qasim Bilal oğlu ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD