22.11.2024, 01:25
AZ EN
12.04.2022, 08:30 477

Gərnibasar mahalı, İpəkli kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Bu kənd Gərnibasar mahalının düzənlik hissəsində, Gərni çayının sağ sahilində, Yamaclı yaxınlığında yerləşir. Əslində, İpəkli kəndi ilə Yamaclı kəndi üz-üzə idi, biri çayın bu tərəfində, digəri çayın o tərəfində...

1918-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. 1828-1829-cu illərdə kənddə İrandan köçürülüb gətirilən ermənilər də yerləşdirilmiş və o vaxtdan XIX yüzilin sonuna qədər kənd qarışıq kənd olmuşdur. XIX yüzilin sonlarından kənddə yenə də ancaq Azərbaycan türkləri yaşamışlar.

“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə (1590) və “İrəvan əyalətinin icmal dəftəri”ndə (1728) Gərni nahiyəsinin İpəkli kəndi kimi qeydə alınmışdır. İkinci mənbədə kəndin Məhəmməd adlı şəxsin timarı olduğu və bu timar-kənddən dövlətin ildə 7.000 ağca gəlir götürdüyü də göstərilmişdir.

İ.Şopendə (1832) və sonrakı statistik məlumatlarda (1873, 1886...) isə kəndin  adı Gərnibasar mahalının İnəkli kəndi kimi verilmişdir.

Göründüyü kim, əslində adı İnəkli olmuş, sonradan İpəkli şəklinə düşmüşdür. Toponimin etimologiyası ilə bağlı bir neçə versiya mövcuddur. Birincisi, guya toponim zoonimik şəciyyə daşıyır və inək saxlanması ilə bağlı meydana gəlmişdir (S.Mirmahmudova).  İkinci versiyaya görə, toponim Şərqi Anadoludan gətirilmədir (B.Budaqov, Q.Qeybullayev). Müəlliflər bunu XVII  yüzilin 1-ci yarısında Şərqi Anadoluda İnak adlı kəndin  mövcudluğu ilə əsaslandırmağa çalışırlar. Lakin hər iki versiyanı yanlış hesab edirik. Bunu Bütöv Azərbaycan, o cümlədən Qərbi Azərbaycan ərazisində “İnək” komponentli çoxlu toponimin  mövcudluğu da təsdiqləyir. Məsələn, İrəvan əyalətinin Abnik nahiyəsində İnəkbulaq yaylağı, Gümrü qəzasında İnəkdağ kəndi və eyniadlı dağ,  Yeni Bəyazid qəzasında İnəkdağ adlı iki dağ, Karbibasar, Sərdarabad və Gərnibasar mahallarında İnəkli adlı üç ayrı-ayrı kənd mövcud olmuşdur.

Bizcə, toponimin bu qədər geniş arealda yayılması onun məhz etnonim səciyyə daşımasından xəbər verir. Sırf Dədə Qorqud ifadəsi olan bu söz əslində “dost, yoldaş, tərəfdaş” anlamında “inağ” kəlməsindəndir. Necə ki, Dədə Qorqudda Beyrək Qazan xanın inağıdır. Bu barədə Alp Aruz tərəfdarlarına deyir: “Bəglər Beyrək bizdən qız almışdır,  Güyəgümizdir. Əmma Qazanın inağıdır. Yəni burada “İnağı təkcə tərəfdaş kimi yox, həm də naib kimi başa düşmək lazımdır.

1831-ci ildə kənddə cəmi 5 təsərrüfatda 22 nəfər (11 kişi, 11 qadın) Azərbaycan  türkü, 24 təsərrüfatda 84 nəfər (42 kişi, 42 qadın) İrandan köçürülüb gətirilmə erməni siyahıya alınmışdır. Bu faktın özü təsdiq edir ki, kənd 1826-1829-cu illərdə Rusiya-İran və Rusiya-Osmanlı müharibələri zamanı böyük dağıntılara məruz qalmış, kənd onun əsl sakinləri olan Azərbaycan türkləri tərəfindən əsasən tərk edilmiş, onların boşalmış evlərinə ermənilər yerləşdirilmişlər.

1873-cü ilin statistikasında İpəkli kəndi mülkədar kəndi kimi verilmiş, kənddə 20 təsərrüfatda 117 nəfər (60 kişi, 57 qadın) Azərbaycan türkü, 3 təsərrüfatda 14 nəfər (8 kişi, 6 qadın) erməni qeydə alınmışdır. 1831-ci  və 1873-cü illərin statistikaları arasındakı fərq söyləməyə əsas verir ki,  bölgənin ruslar tərəfindən işğalı nəticəsində doğma yurddan didərgin düşən kənd əhalisinin bir hissəsi sonralar geri dönmüş və bu dönüşdən vahimələnən gəlmə ermənilər yavaş-yavaş kəndi tərk etmişlər.

1886-cı ildə kənddə 24 təsərrüfatda 70 nəfər (38 kişi, 32 qadın) Azərbaycan türkü, 3 təsərrüfatda 7 nəfər (5 kişi, 2 qadın) erməni yaşamışdır. Kəndin Çikdamlı kənd icması tərkibinə daxil olduğu da həmin mənbədə göstərilmişdir.

Az sonra ermənilər kəndi tərk etmiş və kənddə ancaq Azərbaycan türkləri yaşamışlar. 1905-ci ildə onların sayı 85 nəfər, 1914-cü ildə 93 nəfər olmuşdur.

1918-ci ilin əvvəllərində  37 təsərrüfatda 185 nəfər əhalisi olan zamanı kənd erməni daşnakları tərəfindən darmadağın edilmiş, əhalisinin bir hissəsi erməni qatilləri tərəfindən qətlə yetirilmiş, sağ qalanlar vəhşicəsinə qovulmuşlar.

Sonralar kənd bir daha bərpa olunmamış və elə o vaxtdan da xaraba qalmışdır.

Hazırladı: Sevda SÜLEYMANOVA

Oxşar xəbərlər