Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 16 km şimalda, Zəngi çayının sağ sahilində, Zarınca dağının yaxınlığında, Cəfərabad və Ağcaqışlaq kəndləri arasında olan Göygümbət kəndində XVII əsrin əvvəllərinə qədər ancaq Azərbaycan türkləri yaşamışlar. Bu kəndin çox qəribə taleyi var, belə ki, həmin tarixdən XIX əsrin ortalarına qədər azərbaycanlılarla ermənilər birgə yaşamış, o vaxtdan 1918-ci ilə qədər yalnız Azərbaycan türklərinin yaşayış məskəni olub. 1921-ci ildə yenidən azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı qarışıq kəndə çevrilmiş, 1950-ci illərdə bütünlüklə erməniləşdirilmişdir.
1590-cı ildə “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə İrəvan nahiyəsinin Göygünbəz kəndi, 1873, 1886 və s. tarixlərdə isə Göygünbət şəklində qeyd olunmuşdur. İvan Şopen yazır ki, İrəvan şəhərindən 5 verst aralıda Üçkilsəyə gedən yolun solunda kəndin adını doğuran qüllə aydın görünür. Həmçinin o, əlavə edib ki, həmin qüllə müsəlmanlığın hökmranlığı dövrünə aiddir.
Tanınmış tədqiqatçı alim, millət vəkili Ə.Ələkbərli yazır ki, Göygümbət kəndi İrəvan çuxurunda ən qədim kəndlərdən biridir. Çünki oradakı tarixi abidə və orta əsrlərdə kəndin adının tez-tez çəkilməsi dediklərimizi sübut edir. Kənd İrəvan zadəganlarından olan Topçubaşovların mülkü idi. Dünya şöhrətli cərrah, akademik Mustafa bəy Ağa bəy oğlu Topçubaşov 1895-ci ildə Göygümbət kəndində anadan olmuşdur.
1918-ci ildə erməni daşnakları kəndi dağıtmış, əhalinin bir qismini qətlə yetirmiş, sağ qalanları isə Türkiyəyə getmişlər. Sovet hakimiyyəti illərində əhalinin bir qismi Vətənə qayıtmış, sonra 1948-ci ildə tamamilə deportasiya olunmuşdur.
1949-cu ildə Göygümbət adı dəyişdirilərək Geğanist qoyulmuşdur.
İsa MUSAYEV