İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artasat) rayonuna daxil olan Əliqırıq kəndi Əliqırıq bulağının yanında, Pirdağı dağının ətəyində yerləşir. 1590-ci il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə qeyd olunmuşdur. Erməni mənbələrində Əliqrağı, Əlikrık formalarına da rast gəlinir. Ötən əsrin 30-cu illərində kəndin adı Əliqırıq kimi rəsmiləşdirilmişdir. Mənası "Qırıqlı tayfasından olan Əliyə məxsus kənd" deməkdir. Qəmərli rayonuna daxil olan böyük Gilanlar kəndindən 10 km cənub-qərbdə yerləşən bu kəndin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1948-ci il tarixli fərmanı ilə dəyişdirilərək Blrasen qoyulmuşdur. 1918-ci ilin fevralında ermənilər tərəfindən qırğınlara məruz qalan azərbaycanlılar kənddən qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. 1929-1930-cu illərdə xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. 1962-ci ildən sonra azərbaycanlılar kənddən köçürülmüş, kənd ləğv edilmişdir.
İsa MUSAYEV