Şidli kəndi rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Kəndin adı Qafqazır 5 verstlik xəritəsində qeyd edilmişdir.
M. Kalankatuklu "Alban tarixi" əsərində Xosrov şahın hökmdarlığının otuz yeddinci ilinin əvvəlində Şimal çarı Xəzərlərin arasında, knyazlıq rütbəsinə görə Şad adlanan qardaşı oğlu olduğu qeyd edilir və Şadın öz düşərgəsini Araz çayının sahilində saldığı göstərilir. Bu əsərin "Qeydlər və şərhlər" hissəsində Z. Bünyadov qeyd edir ki, xəzərlər arasında IX əsrədək Şad Xaqandan sonra ikinci hökmran sayılırdı. L. Qumilyev qeyd edir ki, İl-xan Bumın vaxtında "İxtiyarında bölgələrin hakimiyyəti olan və xana qan qohumluqları çatan şahzadələr "şad" çağrılırdılar və şad titulunu "şimal hökmdarı" Cabqu xanın qardaşları daşımışlar. "Şad" sözü qədim türk dilində "hərbi rütbə" mənasında işlənmişdir.
Bu deyilənlərdən belə qənaətə gəlirik ki, Şidli toponimi türklərdə, daha doğrusu, xəzərlərdə hərbi titul mənasında işlənən şad sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gələn şadlı sözü əsasında formalaşıb "Şidli" kimi sabitləşmiş və etnonimə çevrilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yexeqnavan qoyulmuşdur.
Mənbədə Şidlu kimidir. Yerli tələffüz forması: Şidli. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Vedi nahiyəsində Qarauca-Şetli, Haranlı-Şetli və Kunsulu-Şetli adlı üç Şetli kəndi vardı. XIX əsrdə Tiflis quberniyasının Şorapan qəzasında Çidili kəndi 133, 281 və Azərbaycanda Çidibaş (Zaqatala rayonunda dağ adı) toponimləri ilə mənaca eynidir. Qədim türk dillərində çit-"böyür", "hüdud" sözündəndir.
Kənddə 1831-ci ildə 263 nəfər, 1873-cü ildə 806 nəfər 1886-cı ildə 823 nəfər, 1897-ci ildə 992 nəfər, 1904-cü ildə 77 nəfər, 1914-cü ildə 855 nəfər, 1916-cı ildə 842 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinləri doğma yurdlarına dönmüşdür. 1922-ci ildə 571 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 470 nəfər, 1972-ci ildə 1357 nəfər, 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz kəndlərindən qovulmuşdur. İndi burada təkcə ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ