İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunun Xeyirbəyli kəndi rayon mərkəzindən 36 km qərbdə, Araz çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xeyirbəyli nəsil adı əsasında əmələ gəlmişdir. Kənddə 1831-ci ildə 301 nəfər, sonrakı illərdə bu rəqəmlər artmışdır. 1916-cı il siyahısına görə burada 416 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni təcavüzü nəticəsində azərbaycanlı əhali deportasiya olunmuş, buraya ermənilər köçürülmüşdür. Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan sakinlər geri qayıtmışdır. Lakin SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana köçürülmüşdür. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1967-ci il fərmanı ilə adı dəyişdirilərək Yervandaşat qoyulmuşdur.
İsa Musayev