Qırxbulaq mahalında, Ellər rayonu ərazisində, Kamal kəndi yaxınlığında salınan Yaycı kəndində ancaq Azərbaycan türkləri yaşamışdır. Mənbələrdə adı 1660-cı ildən çəkilən kənd "İrəvan əyalətinin icmal dəftəri"ndə (1728) Qırxbulaq nahiyəsinin Yaycı kəndi kimi qeydə alınmış, kəndin Kamal kəndi yaxınlığında yerləşdiyi göstərilmişdir. İrəvan xanlığının ruslar tərəfindən işğalı ilə əlaqədar kənd böyük dağıntılara məruz qalmış, əhalisi qovulub çıxarılmışdır. Məhz buna görə İ.Şopen Yaycı kəndini Qırxbulaq mahalının xaraba kəndləri siyahısına daxil etmişdir. Sonrakı mənbələrdə kəndin adına rast gəlməməyimiz onun bir daha bərpa olunmadığını göstərir. Yaycı oykonimi Oğuz türklərinin Yaycı tayfasının adından yaranmışdır. Milli Məclisin üzvü Əziz Ələkbərli yazır ki, təkcə XIX əsrdə Cənubi Qafqazda 8 Yaycı kəndi mövcud olmuşdur. Qərbi Azərbaycanda isə eyniadlı kəndlər Dərələyəz, Dərəçiçək, Sürməli, İqdır Zəngəzur və Ağcaqala nahiyələrində qeydə alınmışdır.
İsa Musayev