Araşdırmalarda qeyd edilir ki, Şəki adı eramızdan öncə III əsrdə Qafqaza gəlmiş sak tayfalarının adı ilə bağlıdır. Şəki kəndinin cənubunda, kənddən 700-800 m aralıda “Darvaza döşü” deyilən bir təpəlikdə Gəki qalası olmuşdur. Gəki kəndi XVIII əsrin sonlarına qədər orada yerləşib. Araşdırmalara görə ordan aşağı düzə köçüb gələn əhali qalanın adını kəndə qoyublar. Şəki kəndi Qarakilsə rayonun mərkəzindən 6 km şimal-qərbdə yerləşir. Şəkidən 3 km Şərqdə Qızılcıq kəndi, 4 km şimal-qərbdə isə erməni kəndi Ənşələvid yerləşir. 1988-ci ildə Gəkidəki azərbaycanlı ailələrin sayı 190, əhalisi isə 1930 nəfər olub. Kənddə 3 mərtəbəli məktəb, 500 nəfərlik klub, kitabxana, idarə binası, poçt, tibb məntəqəsi, univermaq, iki ərzaq mağazası, məişət evi, əmanət kassası, su dəyirmanı, ATS və s. sosial və iaşə obyektləri vardı. Kəndin iki məscidi olub. Lakin ikisi də ermənilər tərəfindən yandırılmışdır.
1918-ci ilin avqust ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilmiş, xaricdən köçürülən ermənilər isə burada yerləşdirilmişdir.
İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdilər. Burada 1922-ci ildə 284 nəfər azərbaycanlı, 12 nəfər erməni, 1926-cı ildə 385 nəfər azərbaycanlı, 507 nəfər erməni, 1931-ci ildə isə 557 nəfər azərbaycanlı, 510 nəfər erməni yaşamışdır.
Şəki kəndində olan qədim Alban kilsəsi 1975-ci ildə ermənilər tərəfindən dağıdılaraq onun yerində İkinci Dünya Müharibəsində həlak olanlara abidə qoyulmuşdu. Kənd qəbirstanlığında kənddə böyük hörmətlə adı çəkilən, böyük soy-kökə malik olan Seyid Mir Hüseynağanın günbəzi vardı (1988-ci ildən sonra günbəz də, qəbiristanlıq da düşmən tərəfindən dağıdılmışdır). “Ğamaxı”dan tapılmış qədim qəbir daşlarının üzərində 800-cü illərə aid tarixin olduğu qeyd edilmişdir. Kəndin aşağı hissəsindən onlarla bulağın birləşməsindən Gəki çayı əmələ gəlir ki, bu çay kənddən 1 km aşağıda yerləşən 36 min kv-lıq Şəki SES-ni işlədir. Kəndin ətrafında çoxlu bulaqlar vardı:Xor-xor bulaq, Güllü bulağı, Şözə bulağı, Təknəli bulağı, Soy bulağı, Çınqıllı bulaq, Süddü bulaq və Qoşa göl deyilən xırda göl vardı...
Dərələr: Vənş dərəsi, Kor dərə, Sel dərəsi, Qızılcıqla sərhəddə Ayı dərəsi və qədim yer adları da vardı: Pirin döşü, Ramazan düzü, Dəvə ölən, Dəvə boynu,Təpə arası, Örəncə (köhnə kənd yeri), Balaşın çalası, Qaraxanbəyli, Fərmanın quşu, Almurad kahası, Cəfərin bağı, Xəlil kahası, Qızıl qaya (hündürlüyü 50- m-ə yaxın), Kaftar qayası və s. qədim türk boylarından əmələ gələn yer adlarıdır.
1918-ci il avqustun 15-də kəndin camaatı arpa biçini vaxtı Andronikin dəstəsinin qəfil hücumuna məruz qalmış, xeyli sayda günahsız insanlar tələf edilmişdir. Sağ qalan əhali isə əsasən Araz boyu rayonlarda, Qubadlı, Cəbrayıl və Füzulidə məskunlaşmışlar. Kənddən 23 ailə Yevlağa gəlmiş, 2-3 ailə Şəki rayonunun Daşbulaq kəndinə, 2-3 ailə isə Naxçıvana köçmüşdür. Bunlardan Yevlağa və Daşbulağa köçənlər geri qayıtmamışdır. Arazqırağı yerləşən əhalinin yarıdan çoxu yoluxucu xəstəliklərə tutularaq tələf olmuş, qalanı isə 1921-22-ci illərdə sovet hökuməti qurulduqdan sonra kəndə qayıtmışlar. 300 təsərrüfatdan təxminən 150-si geriyə dönməmişdir.
Kənddə sovet məktəbi 1928-ci ildə (4 illik) açılıb. Kolxoz 1930-32-ci illərdə qurulub və 1961-ci ildə Qızılcıq kolxozu ilə birləşib, 1964-cü ildə isə ayrılıb.
İkinci Dünya Müharibəsində 300-dən çox şəkili iştirak edib, bunlardan 125-i geri qayıtmayıb. 1930-40-cı illərdə Bəylərov Qardaşxan, onun qardaşı Bəylərov Bəhmən sovet hakimiyyətinin əleyhdarları kimi təqib edildiyinə görə qaçaq düşmüşlər. Qaçaq Qardaşxan təkcə Zəngəzurda deyil, ətraf bölgələrdə də tanınmış, igidliyi ilə ad çıxarmışdır. Şəki kəndindən onlarla tanınmış elm və ictimai-siyasi xadimlər, əmək adamları çıxmışdır. Görkəmli ədəbiyyatşünas alim, professor Əziz Şərif, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kərim Kərimov, Hüsü Kərimov, məşhur “Zəngəzur” romanının müəllifi tanınmış yazıçı Əyyub Abbasov, sosialist əməyi qəhrəmanı Əli Hüseynov, Girvan Cəfərov, Məhəmməd Gözəlov, Ermənistan SSR Ali Sovetinin deputatı Züleyxa Əliyeva, Sisyan rayon partiya komitəsinin 3-cü katibi Güllər Babayeva Şəki kəndinin yetirmələridir. Şəki kəndi ermənilərlə qarışıq olduğundan 1988-ci il Qarabağla bağlı hadisələr bu kənddə özünü daha qab0arıq şəkildə göstərmişdir. 1988-ci ilin fevral ayından başlayaraq ermənilər Şəkidə tez-tez anti-Azərbaycan miitinqlər təşkil edir, azərbaycanlıları qorxudur, təhqir edir, söyür, evlərini daşlayır, mal-qaralarını oğurlayır və s. təzyiqlərə məruz qoyurdular. Noyabrın sonları şəkililərin öz ata-baba yurdlarında yaşadıqları axırıncı günləri olmuşdur. 1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. Hazırda Şəkidə ermənilər yaşayır.
Şəki camaatı hazırda Naxçıvan, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və s. şəhər və rayonlarımızda məskunlaşmışlar.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və 5 nəfər şəkili Litvin Babayev, İsrafil, Səfərov, Xəqani Abbasov, Etibar Abbasov, Elman Tağıyev şəhid olmuşdur.
Hazırladı:Tahirə AĞAMİRZƏ