Qərbi Azərbaycanın Qırxbulaq mahalında, Ellər rayonunun mərkəzi Ellər qəsəbəsindən 13 km şimal-şərqdə, Hadis dağı ətəyində, dəniz səviyyəsindən 1750 metr yüksəklikdə yerləşir Göykilsə kəndi. Kənddə 1828-ci ilə qədər yalnız Azərbaycan türkləri yaşamışlar. 1830-cu illərdə Türkiyədən, İrandan gəlmə ermənilər də məskunlaşdırılmış və kənd qarışıq kəndə çevrilmişdir. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) İrəvan nahiyəsinin, 1728-ci ildə tərtib edilmiş eyniadlı dəftərdə Qırxbulaq nahiyəsinin Göykilsə kəndi kimi qeyd edilmişdir. Toponimin etimologiyası ilə bağlı ilkin versiyaya görə, o, Azərbaycan dilindəki göy və kilsə sözlərindən yaranmışdır. Digər bir versiyaya görə türkcə "kənd" mənasında köy və kilsə sözlərindən ibarət olduğu, "Kilsəkənd" anlamında işlədildiyi ehtimal edilir. Milli Məclisin üzvü Əziz Ələkbərli qeyd edir ki, şübhəsiz, hər iki variantda kəndin adının yaranmasında kəndin ərazisindəki qədim kilsənin mühüm rolu olmuşdur. İ.Şopendə (1832) Qırxbulaq mahalının xaraba kəndləri siyahısında verilməsi bölgədəki bir çox türk kəndləri kimi Göykilsənin də İrəvan xanlığının ərazisinin ruslar tərəfindən işğalı zamanı böyük dağıntılara məruz qalmasından irəli gəlir. 1918-ci ildə erməni daşnakları kənddə yaşayan bütün azərbaycanlıları qovub kənddən çıxarmış, əhalinin bir hissəsi qəddarlıqla qətlə yetirilmiş, sağ qalanlar el-obasından didərgin düşmüşlər. Sovet hakimiyyətinin ilk illərində əhalinin bir qismi geri qayıtmışdır. Lakin 1948-1949-cu illərdə bütün türk-müsəlman əhalisi kənddən deportasiya edilmiş, kənd tamamilə erməniləşdirilmişdir.
İsa Musayev