Qədim Zəngəzur mahalının tərkibinə daxil olan Sisyan rayonu ta qədim zamanlardan Azərbaycan türklərinin yurdu olub. Sonrakı dövrlərdə Çar Rusiyasının apardığı siyasət nəticəsində İran, Türkiyə, Suriya, Livan və s. ərazilərdən buraya erməniləri köçürüb məskunlaşdırmışdılar. Çar Rusiyasının siyasi varisi olan Sovet hakimiyyəti illərində Zəngəzur mahalı bölünərək Sisyan, Gorus, Qafan və Mehri rayonları Ermənistana verilmişdir. Sisyan rayonu öz təbii gözəlliyi, bulaqları, meşələri, məşhur Şır-şır şəlaləsi, eləcə də bütün rayon boyu axan Bazarçay çayı burada ayrı bir gözəllik yaradır. Rayonun azərbaycanlı kəndlərindən biri də Ağudi kəndidir. Sisyan rayonunun ən böyük azərbaycanlı kəndi olan Ağudi kəndi rayon mərkəzindən 5 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində, Uz, Noravan və Vağudi kəndlərinin əhatəsində yerləşir. Kənd çox qədim olduğu üçün dəqiq mənası hələ də müxtəlif versiyalara söykənir. Amma mənbələrə görə kəndin adı əvvəllər «Ağ UD» şəklində olmuşdur. Yaxınlıqdakı VağUDi və UrUD kəndlərinin adındakı «ud» topomorfantının olması çox güman ki, eramızın əvvəllərində bu yerlərdə məskunlaşmış «ud» tayfalarının adı ilə bağlıdır. Sisyan azərbaycanlıları kəndin adını «Ağdu» şəklində tələffüz edirdilər. Kəndin əhalisi tarixən quşçuluqla, heyvandarlıq, meyvə-tərəvəzçilik və tütünçülüklə məşğul olmuşlar.
Ağudi kəndinin qədimliyini sübut edən onlarla abidə (yaxud qalıqları), qədim alban qəbristanlığı və kilsəsinin qalıqları, tağlı körpü, qala yeri, alban memarlıq mədəniyyətinə aid «Ağudi» qəbirüstü abidəsi və s. vardır.
Onu da qeyd edək ki, 1918-ci ildə Zəngəzurun azərbaycanlı kəndləri kimi Ağudi də Andronikin daşnak dəstələri tərəfindən dağıdılmış, əhalisi misli görünməmiş vəhşiliklərə məruz qalmış, kəndin məscidi yerlə yeksan edilmişdir.
Ağudi kəndinin bulaqları, örüş və əkin yerləri, dağları, dərələri və s. adları təmiz Azərbaycan türkcəsindədir (Yeddi novlu bulaq, Yamac bulağı, Naxır bulağı, Qızıl qaya, Qız-oğlan qayası, Dəvəboynu və s.) onlarla misal çəkmək olar.
Ağudi kəndi öz qoçaq, igid övladları ilə də məşhurdur. 1905-1906-cı illərdə erməni-müsəlman davaları vaxtı camaat əsl qəhrəmanlıq göstərmişdir. Daşnakların başçısı Stepan Stepanyanı el qəhrəmanı Eyvaz kişi boğazına şiş soxaraq öldürmüşdür.
Bütün Qərbi azərbaycanlılar kimi Ağudi camaatı da harada məskunlaşmasından asılı olmayaraq milli dəyərlərini qoruyub saxlamaqla bərabər hər zaman dövlətin yanındadır, xalqa sədaqətlə xidmət edir və inanırlar ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində doğma diyarla əbədi vüsala qovuşacaqlar.
İsa MUSAYEV