Mənbələrdə qeyd olunur ki, Hallavar kəndi qədim alban vilayəti olan Qoqarena (Quqark) vilayətinə məxsusdur. Kəndin tarixi X-XI əsrə qədər uzanır. Kənddə çoxlu tarixi abidələr və qayaüstü rəsmlər bunu deməyə imkan verir. Qədim tarixə malik olan bu kəndin yerli əhalisi atəşpəstliyə sitayiş etmiş və ərəb işğalları dövründə müsəlmanlığı qəbul etmış qədim alban tayfalarından biridir. Səlcuqların Azərbaycanda yerləşməsindən sonrakı dövrlərdə bu ərazilər Bayat tayfasının iqtası olaraq qəbul olunmuşdur. Kənd və ətraf qonşu kəndlərin türk əhalisi əsasən Bayat tayfasına mənsubdurlar. Hallavar kəndinin yerləşdiyi Bayat dağlarında qədim alban (türk) yazılarına və işarələrinə rast gəlinir.
Hallavar kəndi-Dolxanlı, Qədimli, İsgəndərli, Talıblı, Dəlləkli, Aşıqlı, Çavışlı, Xamoylu və s. kiçik nəsillərdən ibarət olmuşdur.
Kənddə 1831-ci ildə 111, 1873-cü ildə 625, 1886-cı ildə 664, 1897-ci ildə 913, 1914-cü ildə 445, 1916-cı ildə 781, 1919-cu ildə 455 nəfər türk yaşamışdır. 1919-cu ilin mart ayında ermənilər zor gücünə türkləri kənddən çıxarmışlar. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra onlar dogma yurdlarına qayıtmışlar. Burada 1922-ci ildə 644, 1926-cı ildə 709, 1931-ci ildə isə 902 türk yaşamıştır. 1988-ci ilin noyabrında daha çox azərbaycanlı Azərbaycana deportasiya olunmuş, kənd erməniləşdirilmişdir.
Hallavar kəndinin igid oğulları Birinci Qarabağ müharibəsində iştirak etmiş və
Məmmədov Rəşid Cabbar oğlu (1973-1992), Qəhrəmanov Ələddin Qiyas oğlu (1975-1992 ), Süleymanov Sərdar Rüstəm, Qəhrəmanov Alim Abbasəli oğlu, Məhəmmədov Ələddin Məhəmməd oğlu (1966 - 1994) şəhid olmuşdur.
Hallavar kənd sovxozunun sovet imperiyası dövründə 1 milyon manat civarında illik gəliri olmuşdur. Burada iqtisadiyyatın əsasını əkinçilik və maldarlıq təşkil edirdi.
Hazırladı: Tahirə AĞAMİRZƏ