21.11.2024, 18:43
AZ EN
07.12.2022, 08:00 348

Qırxbulaq mahalı, Nurnus kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycandakı Nurnus kəndi rayon mərkəzindən 16 km şimal-qərbdə, Zəngi çayının sol sahilində yaşayış məntəqəsidir. 1918-ci ilə qədər burada yalnız Azərbaycan türkləri yaşamışlar. Lakin həmin ildə Türkiyədən gəlmə xeyli erməni də kənddə yerləşdirilmiş, həmin vaxtdan 1948-ci ilə qədər ermənilərlə azərbaycanlılar birlikdə yaşamışlar. 1948-1949-cu illərdə kəndin bütün türk-müsəlman əhalisi zorla Azərbaycana deportasiya olunmuş və kənd tamamilə erməniləşdirilmişdir. Bu kəndin adı ilk dəfə 1590-cı ildə İrəvan nahiyəsinin Nurnus kəndi kimi qeydə alınmışdır. Nurnus kəndi 1826-1829-cu illər Rusiya-İran və Rusiya-Osmanlı müharibələri zamanı böyük dağıntılara məruz qalmış, lakin az sonra bölgənin Rusiya tərəfindən işğalı ilə əlaqədar doğma yurddan didərgin düşmüş əhali geri qayıtmışdılar.

Kəndin Ağmanqan yaylağında, kənddən 25 verst aralıda 300 desyatin ərazini əhatə edən Düzyurd, Əvəlikyurd və Qəbiristanlıqyurd adlı yerləri olmuşdur.

1953-cü ildə Ərzni kəndinə şəhər tipli qəsəbə statusu veriləndən sonra Nurnus kəndi də Ərzni qəsəbə sovetliyinin tərkibinə qatılmışdır. 1988-ci ilə qədər kənddə 7 azərbaycanlı ailə yaşayırdı.

Mənbələrdə qeyd olunur ki, toponim nur sözü ilə əlaqədardır və «zərdüştlərin müqəddəs ocağı», «zərdüşt işığı yayılan məbəd» kimi başa düşülməlidir.

Bütöv Azərbaycan ərazisində Nur komponentli çoxlu toponimlər var. Buna misal kimi Naxçıvanın Şahbuz rayonundakı Nurs kəndini göstərmək olar.

Nurnusun ziyalılarından biri olan Nəcəf Şabanov uzun illər İrəvan radiosunun Azərbaycan şöbəsinin müdiri işləmiş, Bakıya köçəndən sonra isə bir sıra məsul vəzifələrdə çalışmışdır.

İsa MUSAYEV

Oxşar xəbərlər