21.11.2024, 18:46
AZ EN
14.10.2022, 06:00 584

Biz Cəbrayıla qayıdırıq

ŞƏRQİ ZƏNGƏZUR
  • Arzularının paytaxtına dönənlərin, dünyanın ən gözəl kəndlərindən xarabalıqlara sığınanların, qayıdıb gənclik, uşaqlıq xatirələrindən bir iz, bir nişanə tapmayanların duyğuları həmişə birmənalı olmur. Cəbrayıl rayonundan olan keçmiş məcburi köçkünlərin xatirə və rəylərini təqdim edirik.

Aysabah Allahverdiyeva:

-Bu yol bizi evimizə aparır. 29 ildən sonra bu yolu gedirik. Axırıncı dəfə 1993-cü il avqustun 23-də burdan çıxmışdıq. Doğma yurddan uzaqda yaşadığımız illərdə çox acı xatirələrimiz var. Amma bu kənddə yaxşı günlərimiz olmuşdu vaxitilə. Növrağımızı erməni dağıtdı, bütün arzularımızı puç elədi, camaatımız didərgin düşdü. İllərlə tikdiyi evindən-eşiyindən oldu. Adam heç təsəvvür eləmir ki,  min-bir əziyyətlə tikib qoyub getdiyin evi gəlib bu vəziyyətdə görəsən. Nə var burda, nə qalıb, heç nə. Hər şey dağıdılıb, məhv edilib, viranəyə dönüb kəndimiz. Evin hər küncündə, hər  bucağında  əlimizin izi, zəhməti, qabarı var.

Onunla danışmaq imkanı olan kimi soruşurdum ki, hardasınız, necədi vəziyyət? Düzdür, Camal hərbçi olduğuna görə heç bir məlumat vermirdi,  amma bir dəfə qayıtdı ki, ana, mən kəndimizdəyəm. Hovuslu kəndinə ilk qədəm qoyan mənəm. Bu mənim üçün daha qürurverici oldu. 7 yaşında bu kəndi tərk eləyən uşaq indi gəlib evimizi tapıb. 

 

Camal Qəmbərov, polkovnik-leytenant:

-Evimizi rəhmətlik babam-nənəm,  atam tikmişdi. Mən də 7-8 yaşa qədər bu evdə yaşamışam. Düzdür, heç kəs yaşadığı evin  uçmuş, dağılmış vəziyyətin görmək istəməz, lakin bu da talenin bir işidir, alın yazısı deyilən bir şey var. Bizim də qismətimizdə bu varmış. 7 yaşım olarkən öz doğulduğum dədə-baba yurdumuzu tərk etdik.  Və o gündən qarşıma məqsəd qoymuşdum ki,  Cəbrayıl rayonu istiqamətində döyüşlərdə iştirak edim, çox şükürlər olsun ki, bu mənə qismət oldu. Cənab Ali Baş Komandan çalışırdı ki, qan tökülmədən, şəhid vermədən torpaqlarımız dinc, sülh yolu ilə qaytarılsın, amma biz hərbçilər həmişə özümüzə döyüş arzulamışıq ki, qanı-qanla yuyacağıq. Həmişə bu amalla yaşamışıq. Müharibə dövründə bizim  kənddə düşmənin D 20 toplarının atəş mövqeyi idi, bizim orta kəhrizin sol cinahında eyni qaydada düşmənin  D 20 batareyasının atəş mövqeyi idi. Düzdür, döyüşçü kimi soyuqqanlı olsaq da, doğulduğumuz yurdu, məkanı vurmaq həqiqətən də çox çətindir. Torpağımızı mənfurlardan təmizləmək üçün biz məcbur idik ki, atəş açan və kəndimizdə düşməni  məhv eləyək, hətta burdan qənimət olaraq 2 dənə D 20 topundan aparıb mən öz taktiki bölməmdə deşmən üçün tətbiq etmişəm. Öz mərmisindən götürüb öz topu ilə düşmənləri vurmuşam.

Bizim məhlənin girişində atamın xalası Nəcibə bibigilin həyətində nar ağacı salamat qalmışdı.

Arzularımızın paytaxtı olub Cəbrayıl. 29 ildir üzü Cəbrayıla sarı yatmışam. Mən  axırıncı dəfə kəndi tərk eləyəndə həyətimizdə ağacları, divarları öpdüm çıxdım.

-Biz evlərimizlə bərabər əzizlərimizin uyuduğu qəbiristanlığımızı məcburən tərk etməli olduq.

İlkin Əhmədov, Əməkdar artist:

-Mənim doğulub 8 yaşına kimi böyüdüyüm  Hovuslu kəndində yaşıllıq əlindən tərpənmək olmurdu. Hamısı yadımdadı. Böyük tut, qoz ağacları, çoxlu narlarlıq, əncirlik,  üzümlük vardı. Atamın orda qəşəng bir bağı vardı. İçində hər cür meyvə olurdu, amma ən çox şaftalı vardı, özü də çox maraqlı bir şaftalı sortu. Bir də nənim nəzərimdə izdihamlı böyük bir evimiz vardı. Evimiz çay daşlarından tikilmişdi. Bu daşların hamısını atam öz əlləriylə bir-bir sıralayıb. Yəni bu əziyyətlərlə, bu zülmlərlə,əmək sərf edərək tik-qur-yarat, axırda da qansız düşmən gəlsin yerlə-yeksan eləsin və səni də qovsun. Uşaqlığım firəvan, gözəl, qayğısız keçirdi, hər tərəfli nəvaziş vardı üstümüzdə. Qəfildən hər şey dağıldı. Mən anamın əlindən tutdub, düşmən o qədər vahimə yaratməşdı kı! 2 yaşlı qardaşım qalmışdı qumun üstündə, sonra, 15-20 dəqiqə keçəndən sonra anamın ağlına gəldi k, uşaqlar qalıb, bu günə qədər anamın o qışqırtısı yadımdadır. Geri qayıtmağa qoymadılar ki, hara qayıdırsan. Allah tərəfi  qardaşım yerli özünümüdafiə batalyonundaydı, postan qayıdıb gəlib həyətə baxıb ki, görsün kim var həyətdə, uşağı götürüb çıxmışdı. Belə acınacaqlı vəziyyətlə, ayaqyalın, başıaçıq birdəfəlik çıxdıq və 1993-cü il avqust ayının 19-u.  Burda həmişə çal-çağır olub, şənlik olub, bizdə ümumiyyətlə, nəsillkcə səs olub. Amma mən, bilmirəm az yaşlı olduğum üçünmü,ya fərqinə varmadığıma görə ağlıma gəlmir burda oxumağım.  Buranı tərk edəndən sonra mən musiqi ilə məşğul oldum. Yəqin ki, qismət beləymiş ki, burda oxumaq nəsib olacaqmış bizə.

Burda babalarımın, nənələrimin ayaq izləri var, evimizin hər daşında atamın əl izəri, anamın ayaq izləri var. Mən böyük bir sevgiylə, həvəslə  burda yaşamağı qərara almışam və inşallah yaşayacam. Nə də lazımdı, öz gücümə, necə deyərlər, bacarığımla dövlətimizə dəstək olaraq qurub-yaratmağa hazıram. Bir balaca koma da olsa gəlib yaşayım. Çünki bura mənim ata ocağımdı.

Adəm Məmmədov, vəkil:

-Atamın qəbrini mən görməmişdim və dəfələrlə də yuxuma girirdi və ərazini necə fikirləşirdimsə, elə o formada da  ilk dəfə görəndə gözümdə elə canlandı. 2014-cü ildə mən 11 ildən sonra gəldim Cocuq Mərcanlıya və orda durub  kəndimizə  baxdım, bir neçə dəfə gəldim bura, atam vurulan yerə də gəldim. Bu isə adamı daha çox kədərləndirirdi, bir var uzaq istiqamət ola, qəlbin barışır ki, tam əlin çatmır, amma bir də var gözünlə görürdün sahələri, ağacları, üzüm bağların. Cəbrayıl 1993-cü il avqustun 23-də işğal olundu, 24-də isə atam şəhid oldu. Baxmayaraq ki, Zərdab rayon məhkəməsinin sədri idi, gəlmişdi ki, burda özünmüdafiə batalyonu yaratsın və kömək etsin, amma çox təəssüf ki, həmin dövrlərdə bu mümkün olmadı. 

Biz rayondaydıq, Zərdabda yaşayırdıq. Axşam əmim gəldi, elə bil gözünə qan gəlmişdi, dedik biz də getmək istəyirik, əmim qayıtdı ki, gedək elə atanızla da görüşərsiniz. Biz də sevindik ki, gedək kəndimizi də görərik.  Amma hiss olunurdu ki, bir gərginlik var. Gəlib kəndə girəndə hadisəni gördük. Atam vurulmuşdu. Axırıncı dəfə kəndi tərk eləyəndə həyətimizdə ağacları, divarları belə öpdüm çıxdım. Elə bil ürəyimə dammışdı ki, bu axırıncı görüşdü. Amma şükürlər olsun ki, gəlmişik yenidən. Burda olan hər bir şey mənim üçün əzizdir. Çünki burda yaşadığımız xoş günlərimiz həyatımızın ən dəyərli xatirələri ilə doludur. 29 il işğal insanların taleyinə böyük zərbə vurdu, insanlarımız respublikanın hər yerinə səpələndi  və əlaqələr kəsildi. Hamı başqa-başqa yerlərdə yeni həyata başladı.Biz böyüklər bir-birimizi tanısaq da, bizim uşaqlarımız bir-birini tanımır və yaxud da çətinliklə tanıyır.

Ilk uğurlu əməliyyatımız olanda 27 sentyabda 4 kənd alındı, bunlardan da biri bizim kəndimiz idi. Ondan sonra elə bil ki, gözlərimdən 30 ilin kədəri silinib getdi. 

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər