Azərbaycan Respublikası, Qubadlı rayonunun tərkibində olan bu kənd rayon mərkəzindən 50 km şimal-şərqdə, Qarabağ silsiləsinin ətəyində, kiçik Həkəri çayının sahilində yerləşir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlmişdir. Ehtimal olunur ki, rayon ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin verdiyi məlumata görə kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhali isə XIX yüzillikdə yaxınlıqdakı Humeyit kəndindən köçüb gələn ailələrdir. Qubadlı rayonu ərazisində eyniadlı dağ da vardır. XVI əsrə aid bir sənəddə Başaratbəy şəxs adı da qeydə alınmışdır. Yazıçı, publisist, rəssam, psixologiya üzrə fəlsəfə doktoru Mahirə Abdulla bu kəndin yetirməsidir.
İsa MUSAYEV