Botanika İnstitutundan verilən xəbərə görə, ekspedisiyanın məqsədi işğaldan azad edilmiş ərazilərdə biomüxtəlifliyin öyrənilməsi və müqayisəli morfoloji, coğrafi, areoloji metodlardan istifadə etməklə bitkilərin monitorinqini aparmaq olub. Botanika İnstitutunun Herbari şöbəsinin müdiri, b.ü.f.d. Pərvanə Qaraxani, kiçik elmi işçisi Şəhla Mirzəyeva və ETSN-ın əməkdaşlarının iştirakı ilə Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonları və ətraf kəndlərində geniş monitorinqlər aparıblar.
İlkin monitorinqlərə əsasən ermənilərin 30 ilə yaxın bir müddətdə törətdiyi ekoloji terror nəticəsində 10 minlərlə hektar meşə sahəsinin talan olunduğu, bölgənin təbii landşaftına və bioloji müxtəlifliyinə böyük zərər yetirildiyi, 100-dən çox təbiət abidəsinin məqsədli şəkildə məhv edildiyi aşkarlanıb. Tədqiq olunan ərazilərdən 20-dən çox bitki nümunələri toplanılıb və Herbari fondunun zənginləşdirilməsi məqsədilə fonda təhvil verilib.
Tədqiqatlar zamanı Qırmızı kitaba daxil olan Juniperus foetidissima,Punica granatum Platanus orientalis növlərinə, həmçinin relikt növ olan Ficus carica növünə rast gəlinib. Botaniklər Şərqi Zəngəzur ərazisində Qırmızı kitaba daxil olan Tulipa shmidtii, Platanthera chlorantha, İris caucasica, Scilla caucasica,Galanthus caucasica, Pulsatilla violacea və s. növlərinin erkən yazda yenidən tədqiqi planlaşdırır. (APA)