Xanəndə söyləyir ki, atam bizə kənddə keçirdiyi uşaqlıq çağlarından çox danışıb. Atam deyir ki, əsil qış fəsli orada idi. Bizim kəndimizdə ilin bütün fəsillərində soyuq hiss edilirdi. Kənddə çox gözəl uşaqlığımız keçib. Anam deyir, mən gedib yenə öz kəndimizdə yaşayacam. Əvvəlcə bu mənə qəribə gəlirdi. Amma doğmalarım o torpaqları o qədər əzizləyib, o qədər gözəl xatirələr danışdılar ki, mən özüm də orada yaşamaq istəyərdim. Ata babam kənddə çoban olub. Atam deyir ki, biz o qədər sevinirdik ki, onunla çöllərə gedəndə. Kənddə meşəyə gedib moruq yığmağından, uşaqlarla oynamağından, çölü-düzü gəzməyindən çox danışıb atam...
Sədəf xanım deyir ki, bizim elin adamları çox istiqanlıdırlar. Məsələn, bizim kəndimizin adamları indi də bir-birinin xeyirinə, şərinə yarayırlar. Mərasimdən 2-3 gün əvvəl gedib kəndçilərinin vəziyyəti ilə tanış olurlar. Biri xəstələnəndə hamı onunla maraqlanır və birgə ona dəstək olurlar. Birinin sevincini hamısı öz sevinci kimi qarşılayır...
Xanəndə sənətə gəlişi ilə bağlı maraqlı məqamlardan da danışıb. Deyir, ilk vaxtlar onun xanəndə olmaq arzusu ailəsində o qədər də müsbət qəbul edilməyib. Çünki nəsildə, kökdə o qədər də tanınmış qadın ifaçı olmayıb. Anası isə istəyirdi ki, qızı ingilis dili müəllimi olsun. Amma qızını ilk dəfə oxumağa aparanda onun səsini çox bəyəniblər. Elə ilk gedişindən onun adı konsert proqramına daxil edilib. Bundan sonra daha heç kim bu istedadın qarşısını kəsə bilməyib. Sədəf xanım deyir ki, o, indi də el şənliklərinə atasıyla gedir...
Xanəndə bildirir ki, həmişə insanlar doğma torpaqlarından şəkil çəkdirib paylaşanda mənim şirin bir paxıllığım tutur. İnşallah, mən də doğma torpaqlarımıza, kəndimizə gedəndə ilk işim oradan şəkil çəkdirib fəxrlə paylaşmaq olacaq. Mənim musiqi nəfəsim soykökümün danışan səsidir. zəngəzurlu olmağımla fəxr edirəm.
Mina RƏŞİD