Layihə çərçivəsində növbəti təqdimatlardan biri Şuşa karvansaralarına həsr olunub.
Şuşanın memarlıq abidələri içərisində karvansaralar xüsusi yer tuturdu. Burada ilk karvansaraların tikintisi ilk yaşayış məhəlləsinin -təbrizli məhəlləsinin meydana gəlməsi ilə eyni vaxta təsadüf edir. Bu dövrdə Şuşanın imkanlı şəxsləri Aşağı bazar və Meydan deyilən yerlərdə karvansaralar tikdirib istifadəyə vermişdilər. Bu karvansaralar bazar kompleksinin əsas tikililərindən hesab olunurdu.
Şuşada karvansara tikintisi sonralar da davam etmişdir. XIX əsrin sonlarına yaxın burada artıq 10 karvansara fəaliyyət göstərirdi. Onların arasında Hacı Abbas, Qatırçı Murad, Şeytan bazar, Xanlıq Muxtar, Xan qızı karvansaraları xüsusilə seçilirdi.
Azərbaycanın digər şəhərlərində olduğu kimi Şuşada da karvansaralar ikimərtəbəli olmaqla vahid üslubda inşa edilirdi.
Birinci mərtəbənin həyətinə baxan bir hissəsindən tacirlərin yük heyvanlarını saxlamaq üçün tövlə kimi istifadə edilir, küçəyə baxan hissəsində isə tacir kontoru, dükan və emalatxanalar yerləşirdi. (1)
Karvansaraların ikinci mərtəbəsindəki otaqlar, adətən, tacirlərin istirahəti və onların mallarının saxlanılması üçün nəzərdə tutulurdu. Bu baxımdan XIX əsrin 80-ci illərində Şuşanın qərb hissəsində tikilmiş Məşədi Şükür Mirsiyab oğlunun karvansarası xüsusilə seçilirdi.
Əsrlər boyu böyük şəhərlərdə, o cümlədən də Böyük Ipək yolu üzərindəki karvansaralar bugünkü mehmanxana funksiyasını daşıyıb.
XIX əsrin sonu - XX əsrin əvvəllərində karvan ticarəti öz əhəmiyyətini itirdiyinə görə, karvansaralar da öz əvvəlki qaynar həyatından məhrum olmuş, tarixi abidələrə çevrilmişdir. (AZƏRTAC)