17.06.2025, 03:38
AZ EN
25.10.2022, 16:05 421

Xanəndə İlkin Əhmədov Cəbrayılda öz evlərini ziyarət edib

XƏBƏRLƏR

Bu günlərdə ATV televiziyasında xanəndə, əməkdar artist İlkin Əhmədovla bağlı Cəbrayıl rayonunun Hovuslu kəndindən çəkilmiş reportaj tamaşaçıları təsirləndirib. Belə ki, xanəndə doğma kəndlərinin uçuq-sökük xarabalıqları içərisində ancaq daş hasarı qalan evlərinin yanında dayanaraq bunları söyləyib: “Bura mənim doğulub, 8 yaşa qədər yaşadığım kənddi, bu da bizim evimizdi. Evimizə xoş gəlmisiniz! Yadımdadı, burada yaşıllıq, ağac əlindən tərpənmək olmurdu. Böyük tut, qoz ağacları... hamısı yadımdadı. Çoxlu narlıq, əncirlik, üzümlük vardı. Sonra əlini uzadaraq deyir ki, atamın orada gözəl bir bağı vardı, içində hər cür meyvələr, amma şaftalı daha çox idi”.

Bizim məhəlləmizə, həyətimizə, xoş gəlmisiniz, deyir, - xanəndə. Dağıdılmış kənd, uçuq-sökük evlərin görüntüləri insanın qəlbini göynədir, xanəndə evlərindən nişanə qalan  daşları göstərir, deyir, - baxın hamısı çay daşlarından tikilib. Bu daşların hamısını atam öz əlləri ilə çıxarıb: “Bu əziyyətlərlə, zülmlə, əmək sərf edərək, böyük sevgiylə tik, qur, yarat axırda da mənfur düşmən gəlsin yerlə-yeksan eləsin”.

 İndi viran qalmış kəndlərində, doğma həyətlərində  xanəndə uşaqlığını xatırlayır. Deyir ki, burada uşaqlığım çox gözəl keçib. Biz nəvazişlə, qayğıyla əhatə olunmuşduq. Qəfildən hər şey dağıldı, birdən elə bir çaxnaşma düşdü ki, güllə-boranın içində qorxudan mən anamın üstünə qaçdım və onun əlindən tutdum. Biz vahimə içində qaçırdıq. Aradan 15-20 dəqiqə keçmiş birdən anamın ağlına gəldi ki, 2 yaşlı qardaşım  həyətdə qumun üstündə qalıb. Anamın qışqırtısı, o dəhşətli səsi  hələ də yadımdadı. Amma onu geri qayıtmağa qoymadılar. Allaha şükür ki, qardaşım yerli könüllü özünümüdafiə batalyonunda vuruşurdu. O postdan gəlib ki, görsün həyətdə kim var, uşağı götürüb çıxmışdı... Belə  acınacaqlı vəziyyətdə biz qovulduq ayağıyalın, başaçıq... O gedən son gedişimiz oldu, bir də bu evə, həyətimizə qayıda bilmədik.

Xanəndə onu da söyləyir ki, bizdə nəsillikcə səs olub, mən buranı tərk edəndən sonra oxumağa başladım. Bundan belə burada oxumaq qismət olacaqmış bizə, deyib oxuyur

 

...Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar başımda dastana döndü.
Deyirlər, bülbülə çəmən yaxşıdır,
İnsançün laləzar, vətən yaxşıdır...

İndi burada atamın, babalarımızın nəfəsi, nənələrimin, anamın  ayaq izləri var. Sonda: - Mən böyük bir sevgiylə, həvəslə burada yaşamağı gözə almışam. Nə lazımdırsa öz gücümə, bacarığıma görə edəcəm və dövlətimizə dəstək olacam, - deyir, xanəndə...     

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR