Bunu "Moderator.az"-a açıqlamasında əməkdar artist, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Sənubər İsgəndərli deyib. O, sonra qeyd edib ki, Ulu Öndər Heydər Əliyev dövlət tədbirlərinin hamısında iştirak edirdi: "Hər bir dövlət tədbirindən sonra yenə də gəlirdi səhnə arxasına. Zarafatları ilə, üzündə təbəssüm elə bir ovqat yaradırdı ki, tamaşadan sonrakı yorğunluq keçib gedirdi".
Əməkdar artist daha sonra əlavə edib ki, “Burla Xatun” tamaşasında səhnənin üzərində böyük bir örtük var idi, biz bütün qadın obrazları hamımız bu örtüyün altına girirdik: "Yalnız başımız görünürdü. Sonra qızlar Burla Xatunu axtarırdılar. Örtüyü açıb çıxırdım ki, mənəm Burla Xatun. Məndən sonra bütün qızlarımız örtüyü açıb çıxırdılar. Bu artıq final səhnəsi idi. Ulu Öndər tamaşadan sonra səhnəyə çıxanda zarafatla dedi ki, burada nə qədər gözəl qız var, onları niyə örtüyün altına salmısız? Bu zarafatı o həyəcanı tamam yox etdi. Hər kəsə diqqət ayırırdı. “Hamlet” tamaşasında baş rolu Fuad Poladov oynayırdı. Fuad Poladov neçə illərdir Akademik Milli Dram Teatrının səhnəsinə çıxmırdı, görünmürdü. Çox da təvazökar insan idi. Bir az arxada durmuşdu. Onu arxadan çəkdi irəli və dedi ki, bura gəl, səni çoxdandır mən görmürəm. Çox gözəl bilirdi ki, Fuad Poladov çoxdandır bu səhnədə oynamır. Bu da onun diqqətindən, hər aktyora olan münasibətindən xəbər verirdi. Rəhmətlik Siyavuş Aslan Heydər Əliyevə təşəkkür edib dedi ki, siz aktyorlara çox diqqət və qayğı göstərirsiz. Ulu Öndər Siyavuş müəllimə dedi ki, sən nə bilirsən ki, bundan sonra nə edəcəm? Sözünün üstündə də durdu. Ondan sonra bizə prezident təqaüdləri təsis olundu. “Hamlet” tamaşasına 2002-ci ildə baxdı. Təxminən 1 həftə sonra incəsənət xadimlərinə fəxri adlar verdi. Mənim də “Əməkdar artist” fəxri adım Ulu Öndərimizin imzası ilə oldu. Biz bu qayğını bu gün də onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezidenti cənab İlham Əliyev tərəfindən hiss edirik. Allah dövlətimizi qorusun”, -deyə S.İsgəndərli vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ