11.05.2025, 23:35
AZ EN
14.10.2022, 11:00 623

Səkkizinci müsabiqənin Ülkəri

XƏBƏRLƏR
  • Bu il ölkəmizdə keçirilən VIII Muğam Televiziya Müsabiqəsi öz  möhtəşəmliyi ilə yaddaşlarda qaldı. Müsabiqə finalının azad Şuşada keçirilməsi həm iştirakçılara, həm də tamaşaçılara ayrıca bir qürur yaşatdı. Müsabiqədə  2-ci yer tutan gənc xanəndə Ülkər Abdullayeva ilə söhbətimizdə bu barədə də danışdıq.

Ülkər Abdullayeva 2004-cü ildə Tərtər rayonunda anadan olub və burada  şəhid Rafiq Nuriyev adına 6 saylı tam orta məktəbi bitirib. Tərtər rayon uşaq musiqi məktəbində xanəndə Mirtağı Mənsimovdan dərs alıb. 2017-ci ildə ailəsi ilə birgə Bakıya köçən Ülkər Bülbül adına Orta İxtisas Musiqi Məktəbində 6 il Könül Qənbərovanın sinifində təhsilini davam etdirib. Deyir ki, həmin illərdə məktəbin təşkilatçılığı ilə bir çox müsabiqələrin, festivalların iştirakçısı olub və dövlət konsertlərində iştirak edib. Hazırda Milli Konservatoriyanın 1-ci kurs tələbəsidir. Müəllimi Əməkdar artist Təyyar Bayramovdur. Ailədə bir bacı, bir qardaşdılar. Doğmaları, qohumları arasında Ülkər ilk muğam ifaçısıdır.

Ülkər gənc bir ifaçı kimi VIII Muğam Televiziya Müsabiqəsində qazandığı yeri ən böyük uğuru hesab edir. Deyir ki, üç ay davam edən müsabiqədə çətin seçim mərhələlərindən finala yüksəldiyi üçün çox sevinib: “Böyük yaş qrupu ilə 17 nəfərlə hər həftə münsiflərin qarşısında çıxış edirdim. Mənimlə birgə çalışan, həyəcanlanan müəllimim Təyyar Bayramov bəlkə məndən də çox sevindi”.

Ülkər qalibi olduğu müsabiqədən fərəhlə danışır. Deyir ki, müsabiqənin finalı musiqi beşiyi, mədəniyyət paytaxtımız olan Şuşada çox təmtəraqla keçirildi. Qalib olmaq, Şuşaya ayaq basmaq və burada çıxış eləmək çox gözəl, qürurverici bir başqa hissdi... “Final zamanı 4 gün Şuşada qaldıq. Orada bütün abidələrimizlə tanış oldum, Şuşanı gəzib-dolandım. Final Bülbülün ev muzeyində keçirildi. Mən “Xudayar təsnifi”ni ifa elədim. Sonra qaliblərin qala konserti Cıdır düzündə oldu. Bu müsabiqədə yeni dostlar qazandım, musiqiçilərlə tanış oldum, muğamın bəzi incəliklərini öyrəndim. Müsabiqə zamanı xanəndələrin, musiqiçilərin ən çox yadımda qalan tövsiyyəsi bu idi: “Muğam sənətini sevmək və bu yolu davam etdirmək. Həmçinin muğamı bütün dünyada təbliğ edərək onu sevdirmək,” – deyə Ülkər bildirir. `

Ülkər deyir ki, muğam bizim milli dəyərimizdir, biz də onu gələcək nəsillərə layiqincə ötürməliyik.

Sənə uğurlar arzulayırıq, Ülkər!

Mina RƏŞİD   

Oxşar xəbərlər