22.11.2024, 09:18
AZ EN
18.08.2022, 13:00 365

“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir

XƏBƏRLƏR
  • “Şuşa İli” elan olunması ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində növbəti təqdimatlardan biri unudulmaz bəstəkar Süleyman Ələsgərova həsr olunub.

Təqdimatda unudulmaz bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verilir.

Süleyman Ələsgərov 1924-cü il fevralın 22-də musiqi və mədəniyyət beşiyi olan Şuşada anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Asəf Zeynallı adına Musiqi Texnikumunun (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) direktoru, mahnı və rəqs ansamblının rəhbəri, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri, Dövlət Televiziya və Radio Komitəsində Xalq Çalğı Alətləri Orkestrinin dirijoru və musiqi bədii rəhbəri, o vaxtkı Musiqili Komediya Teatrının direktoru və baş dirijoru, Bakı Musiqi Akademiyasında Xalq çalğı alətləri kafedrasının müdiri vəzifələrində çalışıb.

Yaradıcılığında operetta janrı əsas yer tutur. "Məhəbbət gülü", "Ulduz", "Milyonçunun dilənçi oğlu", "Hardasan ay subaylıq", "Subaylardan görəsiz", "Gurultulu məhəbbət" operettaları Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində bu gün də oynanılır. Onun "Bahadır və Sona", "Solğun çiçəklər" operaları, "Gənclik" və "Vətən" simfoniyaları, "Bayatı-Şiraz" simfonik muğamı, simfonik poema və süitaları, 200-ə qədər mahnı və romansları (22 sözsüz mahnı), "Rondo", "Aşıqvari",qanun aləti üçün yazdığı "Poema"("Rapsodiya") və digər əsərləri Azərbaycan musiqisinin incilərindəndir.

1972-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının Qarabağ filialının rəhbəri kimi çalışıb.

Süleyman Ələsgərov 2000-ci il yanvarın 21-də dünyasını dəyişib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR