06.02.2025, 21:15
AZ EN
06.02.2025, 17:30 49

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı fotolayihə həyata keçirilir

XƏBƏRLƏR
  • “Gilavar Foto Klubu” İctimai Birliyi “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” adlı fotolayihə həyata keçirir.

İctimai birlikdən bildirilib ki, layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı vahid platformanın formalaşdırılması və beynəlxalq ictimaiyyətin Azərbaycanın mədəni irsi, tarixi-mədəni abidələri ilə tanış edilməsidir.

Layihənin rəhbəri Dilavər Nəcəfov torpaqlarımızın işğal altında olduğu dövrdə mədəniyyət abidələrinin məqsədli şəkildə dağıdılaraq vandalizmə məruz qaldığını, 47 abidənin isə yer üzündən tamamilə silindiyini söyləyib. Qeyd edib ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Layihə çərçivəsində işğaldan azad olunan ərazilərə səfərlər ediləcək və peşəkar fotoqraflar tərəfindən burada yerləşən tarixi-mədəni abidələrin fotoları çəkiləcək. Layihə müddətində ictimai birliyin “gilavar.az” veb-saytında mövzu ilə bağlı yeni bölmələrin yaradılması, yekunda isə təqdimat mərasimin keçirilməsi və fotosərginin təşkili nəzərdə tutulur.

Qeyd edək ki, “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” layihəsi Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. “Gilavar Foto Klubu” İctimai Birliyi Nazirliyin 2024-cü ildə elan etdiyi qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsinin qaliblərindən biridir. (AZƏRTAC)

Oxşar xəbərlər