Bu gün dünyadan tez köçən şair, telejurnalist, folklorşünas alim, Əməkdar İncəsənət xadimi Ağalar Mirzənin doğum günüdür. O, 1954-cü il dekabrın 25-də Şabran şəhərində, sadə bir ailədə doğulub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində radionun incəsənət və radio teatrı şöbəsində əvvəlcə kiçik redaktor, sonra böyük redaktor vəzifələrində çalışıb. Televiziyanın ədəbiyyat və xalq yaradıcılığı redaksiyasında kiçik redaktordan şöbə müdiri vəzifəsinədək yüksəlib. Ədəbi-dram verilişləri redaksiyasının redaktorunun müavini, sonra xalq yaradıcılığı redaksiyasının baş redaktoru vəzifələrində çalışıb. Şifahi xalq yaradıcılığına dair müxtəlif televiziya verilişlərinin, "Ustadnamə", "Dastan" kimi proqramların müəllifi olub. A.Mirzə alim və şair kimi gələcək nəsillər üçün yazılmış bir sıra qiymətli əsərlərin, o cümlədən etnoqrafik oçerklərdən ibarət olan "Bayramlar, adətlər, ənənələr", "Bulaq", "Ömrün bənövşə fəsli", "Ovcunu tut yağışa", "Novruz töhfələri"(iki dəfə nəşr edilib), "Mən baxdığım pəncərə", "Dünənə məktub"adlı kitabların müəllifidir.
Gözlərimiz ağlar-gülər,
Başımızdan od tökülər,
Dönüb biçarə bülbülə
Hey oxuduq: "Vətən, Vətən!"
Onda torpaqlarımız düşmən tapdağında idi. A.Mirzənin də üzü, sözü gülmürdü. Dəfələrlə yurdundan didərgin düşən yazıçı və şairləri verilişlərinə dəvət edirdi. "Üç nəsil, bir fəsil" və "Karvan" belə verilişlərdən idi.
Ağalar Mirzə "50 yaşın işığı" adlı yazısında qeyd etmişdi ki, yaşadıqlarımız bizim taleyimizdir. Yaddaşlara köçən yaxşı-pis xatirələrdir. Onu nə iləsə insanların yaddaşından silmək olmaz. Hamıya yaxşılıq etməyin mümkün olmadığı dünyada ideal adamdan da söhbət gedə bilməz. Arzum budur ki, yaxşılığım tərəzinin ağır gözü olsun...
Ağalar müəllim ölümünə yaxın vaxtlarda özünə söz vermişdi ki, bundan sonra evinə, ailəsinə də vaxt ayırsın, səhhətində problemi olan yeganə qızının qayğısına daha yaxşı qalsın. Amma ömür buna vəfa etmədi. Heç kəsin gözləmədiyi, ağlından belə keçirmədiyi bir vaxtda – 2008-ci ildə 54 yaşında qəflətən dünyasını dəyişdi.
Ağalar müəllimin qəlbi həmişə Qarabağla döyünürdü. Bunu onun verilişlərindən, unudulmaz səsindən də duymaq olurdu.
Ruhu şad olsun!
Mina RƏŞİD