20.04.2025, 01:46
AZ EN
28.09.2022, 14:30 462

Güclü anaların qəhrəman oğulları olur

XƏBƏRLƏR
  • “Köhnə çamadanlar” filminin əsas qəhrəmanları müharibə taleyinə çevrilən qadınlarımızdır.

Gənc yaşlarımda faciələrimizi əks etdirən kadrlara, filmlərə baxmaq istəmirdim. Ancaq vaxt ötdükcə anladım ki, insan öz taleyindən heç  vaxt qaça bilməz. O tale ki, doğma torpaqla, Vətənlə bağlıdır. Əksinə, bütün dərdlərinin, faciələrinin üstünə getməli, hələ düşmənin dilini, psixologiyasını da bilməlisən. Bilməlisən ki, düşmənlə hər cəbhədə savaşmağa hazır olasan, onun qəfil həmlələrinə sinə gərə biləsən... 2-ci Vətən müharibəsində qazandığımız şanlı Zəfər göstərdi ki, biz bu müharibəyə çoxdan hazırıq. Ona görə də, qısa bir vaxtda Müzəffər Ali Baş Komandanımızın ətrafında dəmir yumruq kimi birləşdik. Bunu gözləməyən xain qonşumuz Azərbaycan əsgərinin mərdliyi qarşısında özünü itirdi, onun önündə diz çökdü... Şükürlər olsun ki, bu gün Birinci Vətən müharibəsində torpaqlarımızın işğalı ilə başımıza gətirilən faciələrlə bərabər şanlı Zəfərimiz də var. Müharibələr tarixi salnamə kimi ədəbiyyatımızda, incəsənətin müxtəlif sahələrində, ən əsası filmlərimizdə də öz əksini tapır. Dünən sentyabrın 27-si şəhidlərimizin anım günündə CinemaPlus (Gənclik mall) kinoteatrında təqdimatına toplandığımız “Köhnə çamadanlar” filmi kimi. Filmi seyr etməklə müharibədə başımıza gətirilən faciələrimizi yenidən yaşayacağımı bilsəm də, təqdimata həvəslə yollandım. Həm də, ona görə ki, bütün bu iztirabların sonunda bir işıq da yanacaqdı ki, onun adı şanlı Zəfərimizlə bağlıdı...

Filmin nümayişindən əvvəl təqdimat mərasimi keçirildi. Düzü, bir tamaşaçı kimi filmi seyr etməyə daha həvəsli idim. Nəhayət, gözlədiyim an gəlib çatdı. Filmi seyr etdikcə Birinci Vətən müharibəsindəki faciələrimiz bir daha göz önündə canlandı. Film bir jurnalistin Qarabağ müharibəsində qadınlarımızın yaşadıqları müsibətlərdən bəhs edən hekayələrdən ibarət bir kitab hazırlamaq istəyi ilə başlayır. Beləliklə, o, öz qəhrəmanlarını danışdırdıqca bütün dərdlərimiz, faciələrimiz də filmə çevrilərək Qarabağ müharibəsində qadınlarımızın nələr yaşadığını, onun sözə sığmayan əzab və iztirablarının bir daha şahidi olursan. Birinci qəhrəman danışır. Üç bacının yeganə qardaşı könüllü olaraq Orduya yazılır və evdə müharibəyə getdiyini söyləyəndə ana sanki ürəyindən yaralanır. Ata isə soyuqqanlı davranır, düşünür ki, oğul həm də Vətən üçün doğulur. Oğul müharibəyə gedir və şəhid olur. Ana oğlunun şəhid olmasının düz 40-cı günündə çəkdiyi iztirabdan dünyasını dəyişir. Çox çəkmir ki, ürəyi xəstə olan ata da qəfil vəfat edir... Filmdə müharibənin amansızlığı öz təbii boyaları ilə əks olunur. Ana balasını, bacı qardaşını, kimi həyat yoldaşını, nişanlısını, sevdiyini, dostunu, doğmasını itirir...

Jurnalist başqa bir qəhrəmanını danışdırır. Onun söylədikləri daha dəhşətlidir. Çünki o, azğın, qaniçən düşmənə əsir düşdüyündən bəhs edir... Əsirlərin hamısı qadınlardı, birinin qucağında südəmər balası var. Uşaq qorxudan qışqırır və düşmən: -“Onun səsini kəs”, deyə bağırır. Körpənin ansı başına gələnlərə dözə bilmir. Saçındakı sancaqla damarını kəsməklə özünü öldürür. Başqa bir qadının isə uşaqları əlindən alınır. Qadın özünü ora-bura çırpır, düşmənə müqavimət göstərir. Hadisələr baş verdiyi anlarda o ancaq imdad diləyir: - “Balalarımı istəyirəm, uşaqlarımı öldürəcəklər”, deyə fəryad qoparır... Tamaşaçı əsir düşərgəsində daha bir fəlakətin şahidi olur. Təcavüz edilmiş yeniyetmə qızla onun atasını üz-üzə qoyurlar. Qız baş verəcəkləri bildiyindən öz atasını danmaq məcburiyyətində qalır. Amma düşmənimiz elə zalım, qaniçəndir ki, heç nəyə məhəl qoymur. Balasının gözləri qarşısında atanın üstünə benzin tökülərək yandırılanda qız: “Ata!”, - deyə fəryad qoparır...

Bəli, “Köhnə çamadanlar” filminin təqdimatına yollanarkən bütün bu faciələrimizi yenidən yaşayacağımı bilirdim...  

Filmdə qəhrəman qadın döyüşçülərimizlə yanaşı, müharibənin alovları arasında əsgərlərimizin yarasına məlhəm olan həkimlərimizin də həyat hekayələri yer alır. Qəhrəman şəhər Tərtərdən olan həkim, şəhid bacısı  Məhəbbət xanımın obrazı da filmdə öz əksini tapıb...

Ancaq film təkcə facilərimizdən bəhs etmir. Həm də 2020-ci ilin sentyabr ayının 27-də başlanan və 44 gün davam edən haqq savaşında düşməndən aldığımız qisas,  Şanlı Zəfərimizin tərənnümü də burada yer alır.

Tamaşaçını təsirləndirən bir məqamı da qeyd etmək istərdim. Deməli, Birinci Qarabağ savaşında 6-7 yaşında balaca oğlan təsadüf nəticəsində erməni əsirliyindən qaçır. Onun bütün yoldaşlarını isə düşmən güllələyir. Həmin o balaca oğlan düz 30 ildən sonra öz hünəri ilə Zəfər qazanaraq düşməndən heyifimizi alır. Körpə yaşında şaxtalı havada düşmənə əsir düşmüş balaca oğlanın başındakı papaq müsibətimizdən yadigar olaraq saxlanılır. Ta o vaxta qədər ki, oğlan böyüyür və İkinci Vətən Müharibəsində həmin papaqla düşməndən qisas almağa gedir. O anda tamaşaçı filmə yeni ad verir – “Köhnə papaq”. Göz yaşlarıyla seyr edilən faciələrimizdən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlı dəstələrini ekranda görərkən tamaşaçılardan qopan alqış sədalarını da düşünürəm ki, hələ uzun illər unutmayacağıq... Məncə,   Azərbaycanımızı Zəfər sevinci ilə üçrəngli bayrağımıza bürünmüş görən elə bir tamaşaçı olmadı ki, qürurdan da gözləri yaşarmasın...

Həyatda olduğu kimi, filmin də haqqın qələbəsi ilə, gözəl sonluqla bitməsi insana ayrı bir zövq verir... Çünki, “Köhnə çamadanlar” sadəcə bir film deyildi, həm də faciələrimiz və Şanlı Zəfərimizlə həyatımızın özü idi... Sonda filmin rejissoru Saida Haqverdiyeva ilə görüşüb ondan “Köhnə çamadanlar”ın bu qəbildən olan ekran əsərləri arasında yerini öyrənməyə çalışdıq. Saida xanım söylədi ki, müharibədən bəhs edən film kimi “Köhnə çamadanlar”ın qəhrəmanları qadınlardır: “Burada Azərbaycan qadını önə çəkilir. Güclü qadının qəhrəman oğulları olar. Filmdə müharibə zamanı qadınlarımızın iradəsi, gücü öz ifadəsini onda tapır ki, o, ən çətin məqamlarda da, gələcəyə olan inamını itirmir”...    

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production"un birgə layihəsi, "OYUN" inklüziv teatr MMC-nin istehsalı olan "Köhnə çamadanlar" bədii filminin ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Qəhrəmanov, quruluşçu rəssamı Əfşan Əsədovadır.

Mina RƏŞİD

Oxşar xəbərlər