Təqdimat Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə təşkil edilib.
Milli Kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov qeyd edib ki, kitabxanalarda dövrün tələblərinə uyğun olaraq yeni istiqamətlər meydana gəlir: "Bu istiqamətlərdən irəli gələrək belə qərara gəldik ki, kitabxananın yeni loqosunu hazırlayaq. Yeni loqo Azərbaycan Milli Kitabxanasının vizual kimliyini yenidən formalaşdırmaq və onu daha müasir, aydın və tanınan şəkildə cəmiyyətə təqdim etmək məqsədilə hazırlanıb".
Kərim Tahirov bildirib ki, loqonun əsas prinsipləri sadə və yaddaqalan, təkrarlanmayan və mənalı, simvolik elementlərlə ilkin mesajın çatdırılmasıdır. Yeni loqo Azərbaycan Milli Kitabxanasını milli, intellektual və innovativ bir mərkəz kimi təmsil edir. Bu vizual kimlik kitabxananın həm mövcud, həm də gələcəyə yönəlik fəaliyyətini əks etdirir.
Loqonun dizayn müəllifi, "MƏN" korporativ brendiq şirkətinin təsisçisi Elçin Aşurov loqodakı əsas simvollar haqqında məlumat verib.
Səkkizguşəli ulduz Azərbaycanın milli simvoludur. Bayrağımızda və gerbimizdə öz əksini tapan bu element milli kimliyi və dövlətçiliyi ifadə edir. Loqoda yer alması kitabxananın milli dəyərlərə bağlılığını göstərir.
Kitab silueti maarifçilik, bilik və elm simvoludur. Kitab həm kitabxananın əsas funksiyasını ifadə edir, həm də ümumi mədəni və elmi inkişafı simvollaşdırır.
İnsan və monitor silueti isə rəqəmsallaşmanı və müasir texnologiyalara keçidi ifadə edir. Bu element kitabxananın ənənəvi sistemdən elektron resurslara keçidini və istifadəçilər üçün əlçatanlığı göstərir.
Digər çıxış edənlər Milli Kitabxananın yeni loqosu haqqında öz fikirlərini bölüşüblər.
Sonda xatirə şəkli çəkdirilib.
Hazırladı: Mina RƏŞİD