22.12.2024, 23:04
AZ EN
04.05.2024, 17:11 211

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

XƏBƏRLƏR
  • Mən 1992-ci ildən Qarabağa səfərlər edirəm və hər dəfə də çoxsaylı fotolar çəkirəm. Qarabağa səfərlərimlə bağlı iki kitab hazırlayıram. Birinci kitab Qarabağın işğal altında qaldığı zaman və ondan sonra necə dağıdılmasını, viranə qaldığını fotolarla əks etdirir. İkinci kitabım işğaldan azad edildikdən sonra Qarabağın bərpası dövrünə aid olacaq. Hazırda bunun üzərində işlər gedir. İlin sonunadək bu kitabların təqdimatı olacaq. Ümid edirəm ki, növbəti kitabım iki il ərzində hazır olacaq.

Bu barədə dünyaşöhrətli azərbaycanlı fotoqraf Reza Deqati bildirib.

Gələcəkdə süni intellektin bəzi peşələri tamamilə sıradan çıxarmasına dair sualı cavablandırarkən Reza Deqati deyib:

“Hazırda cəmiyyətdə süni intellektin təhdid və ya inkişafa dəstək olacağına dair mövzular geniş müzakirə edilir. Əslində süni intellektin də, kompüterin də - bütün texnoloji avadanlıqların hamısının arxasında bir insan amili var. İnsan yoxdursa, bunların heç biri olmayacaq. Hər zaman - istər keçmişdə, istərsə də indi bəşər övladı özünün işinin asanlaşdırmaq üçün yeni alətlər düzəldir. Misal üçün, qatar ixtira olunmamışdan əvvəl adamlar atlarla hərəkət edirdilər. Qatarın istifadəyə verilməsindən sonra faytonçular işsiz qaldı. Ancaq yalnız faytonlar aradan getdi. “Qatar gəldi, fayton olmayacaq” deyə insanlar təşvişə düşdülər, narahat olmağa başladılar. Amma gördük ki, qatar gələndən sonra bir sıra yeni iş yerləri və yeni peşələr yarandı. İş fürsəti daha çox artdı. Süni intellektə bağlı eyni düşüncələrim var. Ola bilər ki, süni intellekt bəzi peşələri sıradan çıxarsın, amma bir sıra yeni peşələrin yaranmasına təkan verəcək. Məsələn, tərcüməçi peşəsi artıq avtomatlaşdırıla bilər, amma həmin tərcüməçi süni intellektlə bağlı yeni bir iş tapacaq. Bu misal fotoqraf, film çəkən rejissor, rəssam, yazar və s. peşələrə də aiddir. Düşünürəm ki, biz süni intellektə insan əməyinə dəstək ola biləcək bir alət kimi baxmalıyıq”, - deyə Reza Deqati vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər