Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Ələkbər Ələkbərov bildirib.
Onun sözlərinə görə, Xidmət torpaqlar işğaldan azad ediləndən sonra minatəmizləmə fəaliyyətinə başlayıb:
"Vətən müharibəsi bitdikdən sonra işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyəti ilə məşğul olan digər qurumlarla yanaşı, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Xüsusi Təyinatlı Hissəsi də bu işlərə cəlb edilib. Şəxsi heyət müvafiq qaydada kurslar keçərək sertifikat aldıqdan sonra minatəmizləmə fəaliyyətinə başlayıb".
Ə.Ələkbərov FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minatəmizləmə sahəsində texniki təminatına da toxunub:
"Bu işdə bizə minatəmizləmə üzrə xüsusi təlim keçmiş itlər və kinoloqlar da dəstək göstərirlər. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində FHN-ə mexaniki minatəmizləmə vasitələri də alınıb. Bu mexaniki minatəmizləmə vasitələri minatəmizləmə tapşırıqlarının yerinə yetirilməsində çox böyük rol oynayır. Hazırda Ağdam rayonunun Xaçındərbənd kəndindəyik. Hazırda bu ərazilərdə minatəmizləmə işləri davam etdirilir". (Report)