O, 1918-ci il oktyabrın 13-də Bakı şəhərində dünyaya göz açıb. Uşaq yaşlarından təsviri sənətə maraq göstərən Lətif Feyzullayev orta məktəbi başa vurduqdan sonra 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olub. Sonra təhsilini Moskvada V.İ.Surikov adına Dövlət Rəssamlıq İnstitutunun Rəngkarlıq fakültəsində davam etdirib. Hələ tələbə ikən yaratdığı “Qaçaq Nəbi” və “Qatır Məmməd” kimi tarixi mövzulu əsərləri ilə respublika sərgilərində iştirak edib.
Rəssamın gəncliyi qanlı-qadalı illərə, II Dünya müharibəsinə təsadüf etdiyindən müharibə üzündən ali təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Ona görə də müəllifin yaradıcılığında hərbi-vətənpərvərlik ruhlu əsərlər kifayət qədərdir. O həm də respublikada təbliğat-təşviqat xarakterli plakatlar müəllifi kimi tanınıb. Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda dərs deyib.
Gənc rəssam 1944-cü ildə yarımçıq qalmış təhsilini davam etdirmək üçün bir daha Moskvaya, Dövlət Rəssamlıq İnstitutuna qayıdıb. Elə həmin il bu ali məktəbdə təhsil alan gələcəyin görkəmli fırça ustası Vəcihə Səmədova (1924-1965) ilə ailə qurub. L.Feyzullayev 1949-cu ildə institutu uğurla bitirib Bakıya dönüb. Müharibədən sonra davam edən ağır illərdə qurub-yaradan insanların əməyi rəssamın əsərlərinin əsas mövzusuna çevrilib.
1950-ci ildə Neft Daşlarının istismarına başlanılıb. Bu dövrdən rəssamın yaradıcılığında Xəzər neftçilərinə həsr olunmuş yeni, romantik mövzulu silsilə əsərlər meydana çıxıb. Bu mənada müəllifin “Vaxta”, “Küləkli gün”, “Tufandan qabaq”, “Fontan” və s. əsərləri xüsusi maraq doğurur.
L.Feyzullayev parlaq rəng üslubu ilə seçilən bir sıra orijinal mənzərələr yaradıb. “Abşeronda bahar”, “Buruqlar”, “Yay”, “Kəndin köhnə hissəsi”, “Abşeron qumları”, “Qayalar”, “Abşeron bağları” və digər əsərlər bu qəbildəndir.
İstedadlı rəssam portretlər müəllifi kimi də tanınıb. Onun “Rəssam Vəcihə Səmədovanın portreti”, “Neftçi Gülbala Əliyev”, “Fatimə”, “Qoca”, “Abşeronun qonağı” və “Güclü” kimi əsərləri yüksək sənətkarlığı ilə seçilir.
L.Feyzullayev 1960-cı ildə Bolqarıstanda yaradıcılıq ezamiyyətindən sonra bu ölkə haqqında əsərlərdən ibarət maraqlı bir sərgi ilə sənətsevərlərin qarşısında hesabat verib.
Təsviri sənət sahəsinin inkişafındakı xidmətləri və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilən sənətkar respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Görkəmli fırça ustası 1987-ci ildə vəfat edib.
Mina RƏŞİD