08.09.2024, 05:56
AZ EN
01.11.2022, 14:33 515

Bu gün Seyid Şuşinskinin anım günüdür

XƏBƏRLƏR

Xalq artisti, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi Seyid Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində anadan olub. Musiqiçilərin hörmətlə “Ağa” deyə üz tutduğu Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olub. Seyid nəslindən olduğuna görə ona “Ağa” deyə müraciət ediblər.

Balaca Seyid atasını uşaq yaşlarından itirib, onun tərbiyəsi ilə xalası Məşədi Hürzad məşğul olub. Dövrünün savadlı və açıqfikirli qadını olan Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edərmiş. 

İlk təhsilini mədrəsədə alan Seyid, dini mərasimlərdə və xalq şənliklərində çıxış edirdi. Seyidin peşəkar xanəndə kimi tanınmasında  xanəndəlik sənətinin beşiyi olan Şuşa mühitinin həlledici rolu olub. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün iki il Mir Möhsün Nəvvabın yanında oxumuşdu. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olub. O, Seyid Şusinskini “Şərq musiqisinin incisi” adlandırmışdı.

Seyid yüksək diapazonlu səsi və muğamları düzgün, səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri, hətta, məşhur xanəndələri heyran qoymuşdu.

Seyidin muğam öyrənməsində əmisi Məşədi Seyidəlinin böyük əməyi olub. O, Seyidin musiqi təhsili ilə məşğul olar, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini ona əzbərlədib, muğam üstündə oxudarmış. 

Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Cahargah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı. 

 Seyid həyatının son illərində də “Mənsuriyyə”ni eyni şövqlə oxuyardı. O, öz ifaçılığında klassik şairlər - Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şerlərinə müraciət edərdi. 

 Xanəndə 1911-ci ilədək Şuşada yaşamışdı. Həmin il o, toy məclislərinin birində Məşədi Cəmil (böyük bəstəkar Fikrət Əmirovun atası) Əmirovla tanış olur. O, Şuşinskinin ifasını bəyənib və özüylə onu Gəncəyə aparıb.

 S.Şuşinski gəncəlilərin də sevimlisinə çevrilir, o qədər məşhurlaşır ki, onu Tiflisə çağırırlar. Tiflis o zamanlar Qafqazda mədəni həyatın mərkəzi sayılırdı. Beləliklə, Seyid Tiflisə köçərək, 1919-cu ilədək orada yaşayır.

Seyid Şuşinski Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq etmişdi. “Molla Nəsrəddin” jurnalının bir neçə nömrəsinin çıxmasına maddi yardım göstərmişdi. 

Dahi bəstəkar Üzeyir Hacıbəylinin məsləhəti ilə Seyid Şuşinski musiqi məktəblərində muğam dərsləri deyirdi. Görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazanmış “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi Seyid Şuşinskinin böyük köməyi olmuşdu.

S,Şuşinski ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr edib. Zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin  simalarından biri olan Seyid Şuşinski musiqi xadimi və pedaqoq kimi milli musiqi mədəniyyətimizin  inkişafında mühüm rol oynayıb. Görkəmli xanəndə 1965-ci ilin noyabr ayının 1-də vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

 

Mina RƏŞİD

 

Oxşar xəbərlər