22.11.2024, 04:28
AZ EN
16.08.2023, 10:14 342

Səninlə dünyada bəxtiyaram mən

XƏBƏRLƏR

Qatil gülləsinə qurban gedirkən,

Gözünü sabaha dikdi Şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla,

Vətən torpağına çəkdi Şəhidlər…

 

Zalım öyünməsin zülümləriylə,

Min bir böhtanıyla, min bir şəriylə.

Həqiqət uğrunda ölümləriylə,

Ölümü kamına çəkdi Şəhidlər…

Bu gün türk dünyasının böyük oğlu, Xalq şairi, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin doğum günüdür. O, 1925-ci il avqustun 16-da Şəki şəhərində anadan olub. Yeddi yaşında olanda ailəsi Bakıya köçüb. Bəxtiyar Vahabzadə orta təhsilini Bakıda, ali təhsilini Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində alıb. Həmin illərdə o, yazıçı-alim Mir Cəlal Paşayevin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olub. 1945-ci ildə hələ tələbə ikən Yazıçılar İttifaqının üzvü seçilib.

Azərbaycan Dövlət Universitetinin aspiranturasını bitirən şair "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1964-cü ildə "Səməd Vurğunun yaradıcılıq yolu" mövzusunda dissertasiyasına görə filologiya elmləri doktoru elmi dərəcəsi alıb.

O, 40 il Azərbaycan Dövlət Universitetində elmi, elmi-pedaqoji fəaliyyət göstərib. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Bəxtiyar Vahabzadə, hər şeydən əvvəl, qüdrətli şair, nüfuzlu ictimai xadim idi. 

Bəxtiyar Vahabzadənin ilk mətbu əsəri "Ədəbiyyat qəzeti"ndə 1943-cü ildə çap olunmuş "Ana və portret" şeiridir. Şairin əsərlərindən ibarət ilk kitabı isə "Mənim dostlarım" adlanır.

1950-ci ildə onun "Bahar", 1953-cü ildə "Dostluq nəğməsi", bir il sonra "Əbədi həyat", "Çinar" və "Sadə adamlar", "Aylı gecələr", "Etiraf" və "Şəbi-hicran" adlı kitabları nəşr edilib.

Sənətkara şöhrət gətirən kitablardan biri - "İnsan və zaman" 1964-cü ildə böyük tirajla buraxılıb.

Bəxtiyar Vahabzadənin bədii əsərlərinin qəhrəmanlarının bir qismi ədəbi-tarixi şəxsiyyətlərdir. Bunların sırasında özünü "qəm karvanının saribanı" adlandıran Məhəmməd Füzuli, lazım gələrsə sümüyünü də xalqı yolunda əritməyə hazır olan, böyük cəsarət və bədii qüdrət sahibi Mirzə Ələkbər Sabir, eləcə də müdrik Nizami Gəncəvi, Üzeyir bəy Hacıbəyov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və başqalarının yaddaqalan obrazları xüsusi yer tutur. Bu baxımdan bir maraqlı məsələni qeyd etmək lazımdır: Bəxtiyar müəllimin əsərlərində Ancelo, Rafael kimi dünya şöhrətli sənətkar obrazlarına da rast gəlinir.

Bəxtiyar Vahabzadə fəlsəfi məzmun daşıyan lirik əsərlərlə yanaşı, insan talelərinin güzgüsü olan poemalar, həyati konfliktlər əsasında qurulmuş pyeslər, ədəbiyyatımızın vacib problemlərinə həsr olunmuş monoqrafiya və məqalələr, publisistik yazılar müəllifidir.

Şairin "Şəhidlər" poeması milli vətənpərvərlik baxımından onun ən dəyərli əsərlərindəndir.

Bəxtiyar Vahabzadə həm də çoxlu sayda poemalar müəllifidir: "Etiraf", "Əbədi heykəl", "Gülüstan", "Dörd yüz on altı", "Şəbi-hicran", "Muğam", "Şəhidlər" və s. Mütəxəssislər bu əsərlərin başlıca məziyyətləri sırasında həyat materialının zənginliyini, bu materialların insan talelərinin təsvirinə yönəldilməsini, lirik ricətlərin fəlsəfi çalarını xüsusilə qeyd edirlər.

B.Vahabzadə dramaturgiya ilə də məşğul olmuşdur. Onun qələmindən çıxmış "Vicdan", "Yağışdan sonra", "İkinci səs", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Dar ağacı" kimi pyeslər Azərbaycan teatrının repertuarında özünə layiq yer tutur.

Bəxtiyar Vahabzadənin əsərləri təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da yayılmış, tamaşaya qoyulmuş, başqa dillərə tərcümə edilmiş, Moskva, Daşkənd, Ankara, Tehran, Berlin və s. şəhərlərdə xarici dillərdə böyük tirajla nəşr olunmuşdur.

Bununla yanaşı, şairin lirikası və poemaları, dram əsərləri barədə qüdrətli sənətkar və alimlərdən ustad Məmmədhüseyn Şəhriyar, alman Əhməd Şmide, rus Yevgeni Yevtuşenko, qırğız Çingiz Aytmatov, qazax Oljas Süleymenov, türk Qaplan, Azərbaycanın xalq şairi Rəsul Rza, akademik Məmməd Arif və başqaları fikir söyləmiş, məqalələr yazmışlar.

Xalq şairi, akademik Bəxtiyar Vahabzadə nadir yaradıcı simalardan idi. O, sənətin ən müxtəlif janrlarında qələmi sınamaqla yaddaqalan əsərlər yaratmışdı.

"Azərbaycanın xalq şairi", "Əməkdar incəsənət xadimi" fəxri adları alan sənətkar SSRİ-nin və Azərbaycan SSR-in Dövlət mükafatları laureatı idi.

Müstəqil Azərbaycanın "İstiqlal" ordenini ilk alan sənətkarlardan biri B.Vahabzadə olmuşdur.

O, dəfələrlə deputat seçilmiş, millət vəkili kimi fəaliyyət göstərmişdi.

Bizim sənət dünyasının

Qırıq telli sazıyam;

Bircə bundan razıyam ki,

Özümdən narazıyam.

Özündən narazı olduğunu etiraf edəcək qədər sadə, təvazökar, böyük insan olan şairin şeirləri bu gün də misra-misra yaddaşları dindirir, sözləri el yaddaşına köçərək xalqın sevimli oğlu kimi ona əbədi ömür qazandırır. Şeirləri məktəblərimizdə tədris edilir və uşaq yaddaşına həkk olunur.

Türk dünyasının görkəmli şairi B.Vahabzadə 2009-cu il fevralın 13-də, 83 yaşında Bakıda dünyasını dəyişib. Məzarı Fəxri xiyabandadır. Ruhu şad olsun.

Mina RƏŞİD    

Oxşar xəbərlər

SON XƏBƏRLƏR