Startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katranın moderatorluğu ilə keçirilən paneldə multidissiplinar dizayner Nejla Güvenc, investisiya məsləhətçisi və şəxsi kapital üzrə mütəxəssis Rahul Yadav, Milli Konservatoriyanın şöbə müdiri Cahangir Səlimxanov və “Experience UK” Məsləhət Şurasının üzvü Emili Smit çıxış ediblər.
Multidissiplinar dizayner Nejla Güvenc Türkiyədə yaradıcı mədəniyyət sahəsindəki öz təcrübələrini bölüşüb. Deyib ki, mədəniyyət iqtisadiyyatının inkişafı üçün qeyri-hökumət təşkilatları da fəal şəkildə çalışmalıdır. Həmçinin bildirib ki, Türkiyədə bu sahəyə maraq son illərdə artıb. “Türkiyə bu il Avropada oyun sektoruna ən çox yatırım edən ölkədir. Həmçinin dəyişdirilə bilməyən nişanlar (non-fungible token – NFT) sahəsində də böyük inkişaf var. İnsanlar öz yaradıcılıq məhsullarını NFT şəklində virtual olaraq satışa çıxarırlar. Düşünürəm ki, Azərbaycanda da bu sahə üzrə işlər görülməlidir”, - deyə Nejla Güvenc diqqətə çatdırıb.
Paneldə çıxış edən investisiya məsləhətçisi və şəxsi kapital üzrə mütəxəssis Rahul Yadav Şuşanın mədəniyyət iqtisadiyyatı sahəsində böyük potensialının olduğunu bildirib. Qeyd edib ki, Şuşa xüsusi platformaya çevrilməlidir. Bunun üçün müxtəlif qurumların, mütəxəssislərin bu sahədə vəzifələrinin təyin olunması üçün xüsusi strategiya üzərində işləmək lazımdır. “Azərbaycan hökumətinin infrastruktur və idarəetmədə böyük təcrübəsi var. Bu təcrübə vasitəsilə Şuşa böyük bir platformaya çevrilə bilər”, - deyə R.Yadav vurğulayıb.
Milli Konservatoriyanın şöbə müdiri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov Şuşanın mədəni irsinin yayılması məqsədilə virtual yayımların həyata keçirilməsinin xeyirli olacağını qeyd edib. Bildirib ki, sahə üzrə peşəkar insanların buraya gəlməsi, mədəniyyət iqtisadiyyatı sahəsində işlərin görülməsi üçün imkanlar yaratmaq lazımdır.
“Experience UK” Məsləhət Şurasının üzvü Emili Smit bildirib ki, mədəniyyət iqtisadiyyatı sahəsi üzrə Şuşada müxtəlif işlər görmək üçün böyük potensial var. Diqqətə çatdırılıb ki, gələcəkdə Şuşada virtual olaraq konfransların həyata keçirilməsi, incəsənət xadimləri ilə bir sıra proqramların təşkil edilməsi mümkündür. “İnternetdə Şuşadan canlı yayın və videolar paylaşmaq olar. Mən bu şəhərdə böyük potensialın olduğunun şahidiyəm. Mədəniyyət iqtisadiyyatı üzrə müxtəlif sahələrdə reallaşdırılacaq layihələrdə bir çox qurumların iştirakı da vacib məsələdir”, - deyə Emili Smit qeyd edib. (AZƏRTAC)