Bunu müsahibəsində Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov deyib.
“Nəşrin özəlliyi ondan ibarətdir ki, 100 ilə yaxın Gürcüstan Milli Muzeyində saxlanılan əsərlər ilk dəfə bu kitabda işıq üzü görüb. Əfsuslar olsun ki, Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı Qarabağda məhv edilmiş bir çox mədəniyyət irsi nümunələri artıq bizim əlimizdə yoxdur. Lakin bu muzeydə saxlanılan kolleksiya vasitəsilə onları bərpa etmək mümkündür. Bu nəşr beynəlxalq auditoriyaya Azərbaycanın Qarabağda mövcud olmuş çox zəngin mədəni irsi haqqında təəssürat yaradır. Eyni zamanda, kitabda Qarabağ xanlığının müstəqil Azərbaycan dövləti kimi fəaliyyəti, Qarabağ torpaqlarında Azərbaycan dövlətçilik tarixi haqqında çox müfəssəl məlumatlar verilir”, - deyə səfir bildirib.
Kitabda ilk dəfə Qarabağ xanlığına aid bayrağın əks olunmasını çox mühüm hadisə kimi qiymətləndirən E.İskəndərov qeyd edib: “Kitabdakı artefaktlar, eyni zamanda, bədxah qonşularımızın buradakı mədəni irs nümunələrinin onlara aid olması ilə bağlı fikirlərinin tam əsassız olduğunu göstərir. Kitabda dövlət atributları, zəngin xalçaçılıq nümunələri, silah növləri, məişət əşyaları kimi bir çox mədəni və tarixi irs nümunələri yer alıb. Kitabın nəşri və kolleksiyanın hazırlanmasında xüsusilə Gürcüstan Milli Muzeyinin 10-dan çox alimi işləyib. Hesab edirəm ki, bugünkü təqdimat İtaliya və Avropa auditoriyasının həm Qarabağın zəngin tarixi irsi ilə əlaqədar, həm də bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi böyük bərpa-quruculuq işləri, o cümlədən mədəni irsin bərpası işləri ilə tanışlığı üçün çox yaxşı fürsət yaradacaq”. ("AZERTAC")