22.11.2024, 20:51
AZ EN
18.10.2022, 15:04 603

Xan qızı Natəvanın qohumu – Fəridə Hicran

XƏBƏRLƏR

Yazıçı və ədəbiyyatşünas alim Fəridə Hicran (Fəridə Talıb qızı Vəliyeva) 1960-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Onun “Qarabağda talan var” (1992) adlı kitabı Azərbaycanda 1987-ci ildən bu günə qədər erməni millətçilərinin istər açıq, istər gizli apardıqları milli soyqırımı siyasətindən bəhs edir. Yazıçının 30-dan çox əsəri, 200-dən çox elmi məqaləsi işıq üzü görüb. Yazıçılar Birliyinin üzvüdür. Hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışır.

2022-ci il Xan qızı Natəvan və onun doğma yurdu Şuşa ilə bağlı əlamətdardır. Xan qızının nəslindən olan Fəridə xanım illərdi şairin araşdırıcısı kimi deyir ki, bu ilə onun da öz töhfəsi var. Dövlət başçısının müvafiq sərəncamından sonra o “Xan qızı Natəvan” adlı poemasını ingilis dilinə tərcümə etdirib. Qeyd edək ki, bu poemanı yazıçı Natəvanın 170 illiyi münasibətilə qələmə alıb. Poema artıq Albaniyanın “Galaktika Poetike Atunis” portalında ingilis dilində yayımlanıb. Əsəri ingilis dilinə Məsmə İsmayılova tərcümə edib.

Poemanın əsas özəlliklərindən biri odur ki, əsərdə Natəvanın bütün nəsli haqqında məlumat verilib. Hətta poemada Natəvan haqqında elmə məlum olmayan bəzi məlumatlar da yer alıb. Müəllif deyir ki, bu məlumatların bir hissəsi Ağdam rayonunun Seyidli kəndindəki qocaman baba, nənələrimizdən, bir qismi isə arxivdən götürülüb. O qeyd edib ki, arxivdə materiallar olduqca azdır, bəziləri isə yanlışdır. Amma o özü Natəvanın nəslindən olduğu üçün Xan qızı haqqında maraqlı məlumatları var: “Bu poemanı və eyniadlı pyesi yazmaqda əsas məqsədim Natəvanın qarabağlı, şuşalı, Azərbaycanın əzəli yurd yerlərindən olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır”.

Bundan başqa, o X.Natəvanın 190 illiyi ilə bağlı “Xan qızı Natəvan” pyesini qələmə alıb. Bu ilin martında Beynəlxalq Qadınlar Günü münasibətilə Niderland Krallığının Haaqa şəhərində Avrasiya Fondunun dəstəyilə “Natəvanın izi ilə” layihəsini həyata keçirib. Layihə çərçivəsində şəhərin “An Hat Spui” teatrında həmin pyesin Niderland dilində tamaşası nümayiş olunub.

F.Nicran qeyd edir ki, X.Natəvanı uşaq yaşlarından nənə-babası ona sevdirib. Hətta onların evində Natəvanın bir neçə əşyası da olub: “Biz Mehdiqulu xan Vəfanın kötücəsi olan Çərkəz bəy Şərifovun nəvələriyik. Nəslin ən gənc nümayəndəsi isə Mehdiqulu xan Vəfa qolundan olan Ayxan Cavanşirlidir. X.Natəvan anamın nənəsi Mənzər xanıma vaxtilə bir çıraq və qızılı saplarla öz əl işi olan canamaz bağışlamışdı. Həmin əşyalar Ağdamın işğalından əvvəl İmarət kompleksində Natəvana həsr olunan guşəyə qoyulmuşdu. Ağdam azad edildikdən sonra oranı ziyarət etdim. Çox təəssüf ki, 30 ilə yaxın sürən işğal dövründə ermənilər bu kompleksi də talan etmişdilər”. 

Yazıçı bildirir ki, X.Natəvan öz müdrikliyi, şair təbiəti, daha çox isə xeyriyyəçiliyi ilə seçilib. Bir yurdun qədrini yalnız onu qurub-yaradanlar daha yaxşı bilər. Bunu bir fakt olaraq artıq erməni təcavüzkarları da ortaya qoydu. Onların 30 ilə yaxın əsarətdə saxladıqları yurdu necə viran etdiklərinin şahidi olduq. İnsan öz Vətəninə necə qıyıb yerlə yeksan edə bilər?! Deməli, ermənilər özləri bilirdilər ki, Qarabağ Azərbaycana məxsusdur.

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər